Teymur Məmmədov qələbə ilə başladı

Bakıda boksçuların Rio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya təsnifat turnirində bu gün 1 təmsilçimiz rinqə çıxıb. Allsport.az saytı xəbər verir ki, 81 kq-da Teymur Məmmədov çinli Quojun Şini məğlub edib. Bu qələbə təmsilçimizin Rio-2016-ya vəsiqə qazanmaq baxımından çox vacib idi. Bunun üçün, o, ilk beşliyə düşməyi bacarmalıdır. İdmançımız iyunun 21-də 1/8 finalda gürcüstanlı Laqo Kiziria ilə slovakiyalı Matus Strnisko arasındakı döyüşün qalibi ilə üz-üzə gələcək.

75 kq-da Kamran Şahsuvarlı 1/16 finalda Albaniya idmançısı Aryon Kayoşi ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 20-də keçiriləcək. Rəqib ilkin mərhələdə belçikalı Lay Kalenqa Mişikandan güclü olub.

49 kq-da çıxış edən Rüfət Hüseynovun rəqibi sabah müəyyənləşəcək. Dominikan Respublikasından olan Santilyan Perez Viktor Daniel Çin Taypeyi boksçusu Tu Po-Veylə qarşılaşacaq və qalib 1/8 finalda azərbaycanlı boksçuya rəqib olacaq. Bu qarşılaşma iyunun 20-də keçiriləcək.

“Sərhədçi” Olimpiya İdman Mərkəzinin ev sahibliyi etdiyi yarışda Rioya 39 vəsiqə uğrunda 105 ölkədən 469 kişi idmançı mübarizə aparır.

Həmin kateqoriyadan