Tiflis və Samsun qran-prilərində oxşar uğur – təsadüf, yoxsa qanunauyğunluq?

Türkiyənin Samsun şəhərində cüdoçular arasında böyük mükafat turniri başa çatıb. Allsport.az saytının məlumatına görə, 3 gün davam edən yarışda tatami ustalarımız uğurlu çıxış ediblər. Yekun nəticə bir həftə öncə Tiflisdə keçirilmiş analoji yarışdan daha yaxşıdır: 2 qızıl və 1 gümüş medal.

Mükafatların qazanılması xronologiyasın da oxşarlıq var – Gürcüstan paytaxtında təşkil olunan qran-prinin startında Tərlan Kərimov (66 kq) 3-cü yeri tutmuşdu. Növbəti 2 gündə Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) baş mükafata sahib çıxmışdılar. Adları son 2 çəkilən cüdoçular Samsunda da eyni nəticəni göstəriblər. Fərq ondadır ki, Türkiyə sınağında ilk gündə Tərlan Kərimov deyil, Orxan Səfərov (60 kq) fərqlənib. Üstəlik, o, 2-ci yerə çıxıb.

Bu 2 səfər öncəsi millimiz baş məşqçi Hacıağa Hacıəhmədov və məşqçi Əli Dərvişovun rəhbərliyi ilə Çex Respublikasının Nimburq şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edib. Təcrübədə göründüyü kimi, digər ölkələrin idmançıları ilə birgə hazırlıq bəhrəsini verdi: Rio olimpiadasına yollanmağa iddialılar xal ehtiyatlarını bir qədər də yaxşılaşdırlılar. Demək, Cüdo federasiyası ilə Gənclər və İdman Nazirliyi millimizə bu istiqamətdə nə qədər çox dəstək versə, uğur bir qədər də artıq olar. Axı, sözü gedən şərq idman növü ölkədə aparıcılardan sayılır.

Qarşıda yığmamızı Avropa Oyunları gözləyir. Böyük Britaniya cari mövsümdə keçirilməsi nəzərdə tutulan Avropa çempionatından imtina etdiyindən, bu yarış Bakı-2015-ə birləşdirilib. Demək, tatami ustalarımız doğma divarlar arasında yerli tamaşaçıların dəstəyi ilə lisenziya xallarını bir qədər də artırıb, Rio-2016-ya vəsiqəni iyun ayından özlərinə sığortalaya bilərlər.

İndiki durumda görə, Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi – 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Rüstəm Alimli (81 kq), Elxan Məmmədov və Elmar Qasımovun (100 kq) dünya reytinqində tutduqları mövqe, onlara «dördillk»də iştirak hüqüqü verir. Tərlan Kərimov (66 kq) ilə Şahin Qəhrəmanov (90 kq) sıralamada vəziyyətlərini yaxşılaşdırmaları üçün, 30-cü pillədən minimum 22-ci yerə qalxmalıdırlar.

Kamran HACI

Həmin kateqoriyadan