Tramvay altında qalmış “3”! ACF uğursuzluğu etiraf etdi. Göydən yerə enmə zamanı deyilmi?

Orta məktəbdə oxuğumun dönəmdə, müəllimələrimiz zəif oxuyan şagirdlərə qiymət yazanda, gülümsəyərək, daim bu kəlməni işlədirdilər: “Sənə, tramvay altında qalan “3” yazıram”. Eləsi vardı, buna “sınıq-salxaq” sözünü də qoşurdu. Hamısı naəlaclığın ifadəsiydi. Öyrəncini tamamən sındırmaq, ruhdan salmaq istəmirdilər. 7-14 mayda Qətərin paytaxtında keçirilən cüdoçuların dünya çempionatında milli komandalarmızın 13 nəfərə cəmi 1 bürünc qazanmalarını indi ona bənzədirəm. Ötən il təmtəraqla 50-illiyini qeyd edən, mövsümün yekununda gənclər və idman nazirliyinin sorğusunda 1-ci olan Azərbaycan cüdo federasiyası (ACF), göyün 7-ci qatına yüksələrək ordan enmək istəmədi – beləliklə də, Ərəbistanda ümidləri doğrultmadı, gözləntiləri gerçəkləşdirmədi. Atalar yaxşı deyib: Ağac bar verəndə başını aşağı salar. Aban aban iş olmaz, bəsləməsən qız olmaz. Hərçənd, quyuya su tökməklə dolası deyil…

Cüdo seçməmiz Dohaya 4 qadınla yollanmışdı. İnsafən, bu növdə heyət yeni formalaşıb. Bu üzdən, Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi – 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyevadan (52 kq) istər dünya çempionatında, istərsə də Paris-2024-dən medal gözləməyə dəyməz. Olimpiadaya vəsiqə qazansalar, böyük şeydir. Gənc qızlarımız əsasən Los Anceles-2028-ə hesablanıb və o zaman onlardan hesab sorulmalı. Amma kişilər, ən azı, Qətərdən 1 dəst mükafatla dönməliydilər. Nəticənin zəif olmasının bir neçə səbəbi var.

Beynəlxalq cüdo federasiyasının tətbiq etdiyi yeni qaydaya görə, fənd işlədərkən baş tatamiyə dəyməməlidir. Medala 3 əsas namizəd eyni səhvə görə “hansoku” ilə cəzalandılar, nəticədə tutaşmanı əldən verdilər. Fəxri kürsüyə çıxan yeganə idmançı Zelim Kotsoyevdən (100 kq) savayı, böyük heyətdə nisbətən qənaətbəxt nəticə göstərən ancaq Hidayət Heydərov (73 kq) oldu. O, “C” qrupunu qalib bitirsə də, sonrakı 2 görüşü uduzaraq medalsız qaldı, 5-ci yet tutdu. Digərləri heç ilk 7-liyə düşə bilmədilər. Başqa komandalardan fərqli, açıq görünür ki, millidə bu işlərə məsul şəxslər – performans direktor Mark Vanderham və baş məşqçi Riçard Trautman vəzifələrinin öhdəsindən gələ bilməyiblər. Ciddi sınaqlar bəhanə sevmir. Necə olur ki, bizdən az büdcəyə malik Gürcüstan cüdo federasiyasının yığması 2 qızıl, 1 gümüş və 1 bürünc medal ilə dünya çempionatını 3-cü yerdə bitirir? Hələ demirəm, ACF göydə pərvazlanarkən, tamaşaçılar yerdə 90 kq-da Gürcüstan finalını seyr ediblər.

Bəs nazirliyin sorğusunda 1-ci yerdə olan siz deyildiz? Hanı bunun isbatı? Dohada ikən parıltısı gedən “bürünc”ün çəkisi elə yüngül olub ki, matın 18-də Bakıda bu mötəbər yarışın yekunlarına həsr olunan mətbuat konfransında baş katib Rəşad Rəsullu acı durumu etiraf etmək məcburiyyətində qalıb: “Federasiya olaraq, dünya çempionatında nəticəni uğursuz hesab edirik. Bu, bizi qane edə bilməz”. Nəzərinizə çatdırım ki, adı çəkilən əcnəbi mütəxəssislər ACF-in yeni rəhbərliyinin – federasiya prezidenti Rəşad Nəbiyevin dönəmində seçməyə dəvət olunublar. Onlar hələ də avropalı məşqçiləri müdafiə edir, günahı milli üzvlərində axtarır, yarımfinalda Zelimin görüşündə hakimlərin səhv etdiklərini vurğulayırlar. Sitat: “Cüdoçularımız kritik məqamlarda taktiki gedişlərdə düzgün qərar vermirlər. Buna misal olaraq Səid Mollayini, Balabəy Ağayevi və Zelim Kotsoyevi göstərmək olar. Yarışda mübahisəli hakim qərarları ilə yanaşı, idmançılarımızın səhvləri olub”.

Qəribədir, rəhbərlik qəbahəti özündə deyil, beynəlxalq hakimlərdə və idmançılarımızda görür. Bütün dünyanın huri qılmanları bir yerə yığışsa da, komandaların yeni qaydalara niyə uyğunlaşmamasının cavabını verə bilməz. Yaxşı olardı, ACF-ə yeni gələn qovluqlu bəylər onlardan öncəki rəhbərliyin dönəmində statistik göstəriciləri nəzərdən keçirsinlər. Təbii ki, könülləri varsa. Çətin. Çünki rəqəmlər və əyarlar xeyirlərinə deyil. Rövnəq Abdullayev – Sadıq Sadıqov birliyində kişilərdən ibarət seçməmiz 4 final yaşayıb. 2017-ci ildə hər 2 komanda ümumilikdə dünya çempionatında 4 mükafat qazanıb. Ustalarda 2 qızıl, 1 bürünc; qadınlarda bunların yola vermədiyi İrina Kindzerska (+78 kq) 3-cü olub.  

Yeri gəlmişkən, Rəşad Nəbiyev və Rəşad Rəsullunun (DÇ-larda ən yaxşı nəticələri tək bürünc olub) bəyənmədikləri Kəramət Hüseynov (60 kq) 2021-ci ildə Macarıstanda 3-cü yerə çıxıb, komandanı medalsız dönməyə qoymayıb. Həmin ilin noyabrında artıq bu şəxslər federasiya başına keçdilər. Srağagün müstəqil mətbuatın dəvət almadığı mətbuat konfransında, baş katib, məhz dayısı Elnur Məmmədovun yanında ondan gileylənib. Sitat: “Kəramət Hüseynov məşqlərə qatılmır, nizam-intizamla bağlı problemi var”. Bununla da, yanında əyləşmiş vitse-prezidentə açıq ismarıc verib, onu dolayısı ilə medianın önündə məzəmmət edib. Zatən olimpiya çempionlarını kiçiltmək, səlahiyyət verməmək, bacardıqca göz önündən uzaq tutmaq və onlara şərti vəzifə vermək indi adət halını alıb.

Y.S. Olimpiadalar ərəfəsində keçirilən dünya çempionatının nəticəsi “dördillik”lə ölçülür. Demək, Paris-2024-də durum ağır olacaq. Kişilərdən ibarət yığma il ərzində 6-7 təlim-məşq toplanışında və 12-15 beynəlxalq yarışda iştirak edir. Buna dünya və Avropa çempionatları, “Dünya ustaları”, “Böyük dəbilqə” sıralamaları, mükafat yarışları və bir neçə kiçik beynəlxalq turnir daxildir. Komandaya böyük xərc cəkilib. Nəticə isə, ortadadır. Nə gedib bağdan gedib, bağbandan heç nə. Gənclər və idman naziri Fərid Qayıbovun işi çətin olacaq. Görünür, bu dəfə də ümid ilk növbədə Allaha, sonra güləşçilərə qalacaq. Nə etsə, elə öz bahadırlarımız edəcək.

Kamran HACI

Həmin kateqoriyadan