U-15 kiçik yaşlı yeniyetmələrin Bakı şəhər birinciliyi başa çatdı

Azərbaycan cüdo federasiyası (ACF) və Bakı şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyi keçirilib.

Allsport.az xəbər verir ki, bu yaş qrupu ACF-nın keçirtdiyi rəsmi yarışlar arasında ən aşağı yaş qrupudur. Burda rekord sayda 900-ə yaxın idmançının iştirakı son illərdə uşaqların, yeniyetmələrin cüdoya marağının artmasının göstəricisidir.

Hövsan qəsəbəsində yerləşən fövqəladə hallar nazirliyinin (FHN) idman sağlamlıq mərkəzində baş tutan yarışda 20 çəki dərəcəsində qaliblər bəlli olub. Üç gün davam edən yarışda Bakının 68 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 892 (808 oğlan, 84 qız) cüdoçu arasında medalçılar müəyyənləşib.

Yarışın sonuncu günündə qızlar 36 kq, 48 kq, 63 kq və 63 kq çəki dərəcələrində, oğlanlar isə 42 kq, 55 kq, 73 kq və 73 kq çəki dərəcələrində medallar uğrunda mübarizə aparıb.

Ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, 2-ci yerə respublika kompleks idman məktəbi, 3-cü yerə isə Şuşa rayon uşaq-gənclər idman məktəbi layiq görülüb. 30 komanda müxtəlif əyarlı medal qazanıb.

Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 23-26 mayda keçiriləcək 15 yaşa qədər kiçik yaşa qədər yeniyetmələr arasında Azərbaycan birinciliyinə seçim xarakteri daşıyırdı.

Həmin kateqoriyadan