Uroş Matiç favoriti açıqladı

“Qarabağ”ın yarımmüdafiəçisi Uroş Matiç DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Serbiya oyunu barədə fikirlərini klubun saytına açıqlayıb. Allsport.az xəbər verir ki, 30 yaşlı serbiyalı futbolçu Ağdam təmsilçisindəki komanda yoldaşlarının ölkəsinin millisinə qarşı çıxışını maraqla izləyəciyini deyib:

 “Azərbaycanın üstünlüyü bu olacaq ki, Serbiyanı evdə qəbul edəcək. Serbiya Portuqaliya ilə ağır oyundan sonra Bakıya səfər edir. Yol da uzaqdır və bütün detalları nəzərə alsaq, onları çətin qarşılaşma gözləyir. Futbolda proqnoz vermək çətindir. Avropa çempionu olan Portuqaliya Azərbaycan yığmasını çətinliklə məğlub etdi. Həmin oyuna baxdım və Azərbaycan millisi nizam-intizamlı oynadı.

Komandanın müdafiə xəttindəki oyunu yaxşılaşıb. Portuqalların müdafiəni yarmaqda çətinlik çəkdiyinin şahidi olduq. Onlar qələbəni çətin qazandılar. Bu matça gəlincə, fikrimcə, favorit Serbiyadır. Əlbəttə, Azərbaycan millisini zəif hesab etmirəm. Çünki komandada Avropa təcrübəsi olan futbolçular var. “Qarabağ”dakı komanda yoldaşlarımın ölkəmin millisinə qarşı çıxışını izləmək mənim üçün çox maraqlı olacaq. Bir sözlə, bizi maraqlı və gərgin mübarizə gözləyir”.

Həmin kateqoriyadan