Üzgüçülülərimiz dünya çempionatında

Üzgüçülülərdən ibarət milli komandamız 25 metrlik hovuzda üzmə üzrə dünya çempionatında iştirak etmək üçün noyabrın 30-da Dohaya yollanacaq. Allsport.az saytı xəbər verir ki, ölkəmizi bu nüfuzlu yarışda  baş məşqçisi Rəşad Əbdülrəhmanovun rəhbərliyi ilə 8 idmançı təmsil edəcək.  Bunlar kapitan Boris Kirilov, Yuliya Sitilyuk, Anna Mançinkova, Kamran Cəfərov, İvan Andreanov, Qriqori Kalminski, Doriyan Fazekaş və Anton Jeltikovdur.

Qətər paytaxtında dünya çempionatı 3-7 dekabrda keçiriləcək. Dohaya yola düşəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə baş müşavir Viktor Jeltikov, müşavir Sergey Kostyukov və məşqçi Oleq Həşimov da daxildirlər.

Komandanın baş məşqçisinin dediyinə görə, Azərbaycan idmançılarının çempionatda iştirakının əsas məqsədi onların idman ustalığını yüksəltməkdir: “Bu üzgüçülər 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarında Azərbaycanı təmsil edəcəklər. Boris Kirilov istisna olmaqla qalan idmançılar, demək olar ki, beynəlxalq turnirlərdə iştirak etməyiblər. Buna görə də biz ustalığı artırmaq üçün bəzi nüfuzlu turnirlərdə iştirak etməyi planlaşdırırıq. Komandamıza yeniyetmə idmançılar daxildir. Odur ki, yaşca daha böyük idmançıların iştirak edəcəkləri bu turnirlərdə onların fəxri yerlər qazanacaqlarını gözləmirik. Lakin öz nəticələrini yaxşılaşdırmaq və idman ustalığını artırmaq baxımından bu turnirin böyük əhəmiyyəti var”.

Federasiyada, həmçinin qeyd ediblər ki, Dohada Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) Ümumdünya Konvensiyasına həsr olunmuş tədbir keçirilir. Ölkəmizi bu nüfuzlu tədbirdə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənəniyarlı təmsil edir. Dünyanın 171 ölkəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə üzgüçülüyün inkişafına dair mühüm qərarlar qəbul etmək planlaşdırılır.

Həmin kateqoriyadan