Yeni məşqçilər heyəti cüdoçularımıza təqdim edilib

Bakı olimpiya stadionunda yerləşən cüdo federasiyasının təlim-məşq zalında yeni təyin olunmuş məşqçilər heyəti kişilərdən ibarət milli komandanın üzvlərinə təqdim edilib. Allsport.az saytı xəbər verir ki, ACF-in vitse-prezidenti Sadıq Sadıqov təqdimat mərasimində çıxış edərək millinin heyətində gənc, perspektivli cüdoçuların çox olduğunu, eyni zamanda yeni məşqçilər heyətinin də kifayət qədər təcrübəli olduğunu söyləyib və bu səbəbdən komandada sağlam rəqabətin yaranacağına inandığını bildirib. Kişilərdən ibarət millimizin sabiq baş məşqçisi Ruslan Maşurenko komanda ilə vidalaşıb.

O, yeni məşqçilər heyətinə və cüdoçulara uğur diləyib.Sonra tanınmış cüdo mütəxəssisi, federasiyanın daimi fəaliyyət komissiyasının sədri Ağayar Axundzadə çıxış edərək yeni məşqçilər heyətinə, komandaya bir ağsaqqal kimi öz xeyir-duasını verib, müvəffəqiyyət arzulayıb. Təcrübəli mütəxəssis cüdoçularımızın 2024-cü ildə Parisdə keçiriləcək növbəti Olimpiya Oyunlarında daha yaxşı nəticələr göstərəcəklərinə inandığını ifadə edib. Sonra milli komandamızın yeni baş məşqçisi Mövlud Mirəliyev göstərilən etimada görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib və onlara bəslənən ümidi doğrultmaq üçün var gücləri ilə çalışacaqlarını söyləyib.

Təqdimat mərasimində federasiyanın baş katibi Elmar Babanlı da iştirak edib. Yeni məşqçilər heyətində Mövlud Mirəliyevlə yanaşı Elçin İsmayılov, Zaur Babayev, Elxan Rəcəbli, Şümşat Bəhramovİlham Məmmədov yer alıblar.

Həmin kateqoriyadan