İlqar Müşkiyev: “Bu gün qazanılan uğurlar göstərdi ki, düzgün yoldayıq”

Çinin Qinqdao şəhərində keçirilən cüdo üzrə qran-prinin ilk günündə Azərbaycan millisinə qızıl medal qazan daha bir təmsilçimiz də İlqar Müşkiyev (60 kq) oldu. Allsport.az saytı xəbər verir ki, uzaq Şərqdə bayrağımızı dalğalandıran idmançımız yarışa hazırlıqdan və rəqiblərindən bəhs edib:

– Çindəki yarışa hazırlıq yüksək səviyyədə gedirdi. Yeni rəhbərliyin göstərdiyi qayğının nəticəsində artıq yüksək yerlər uğrunda mübarizə aparırıq. Bu gün qazanılan uğurlar göstərdi ki, düzgün yoldayıq. Olimpiya oyunları öncəsi bütün yarışlar gərgin keçir. Bu da istisna deyildi. Artıq zaman göstərir ki, yüksək nəticə qazanmağa layiqik və bu gün də bunu sübut elədik.

Cüdo artıq o dərəcədə inkişaf edib ki, hansısa bir idmançını xüsusi qeyd etmək düzgün çıxmaz. Bütün görüşlərə axırıncı görüş kimi yanaşırdım.
Ümumiyyətlə, Qazaxstan cüdosu son zamanlar çox inkişaf edib, 60 kq dərəcəsində 4 güclü rəqib var. Bugünkü rəqibimin güləş üslubu mənimlə çox uyğun olduğuna görə, açıq mübarizəyə üstünlük verdik. Rəqibin sonda yorulması görüşü xeyrimə bitirməyimə şərait yaratdı.

Müşkiyev komanda yoldaşı Orxan Səfərovla döyüş haqda bəzi məqamları dilə gətirib:

“Bildiyiniz kimi, Orxan Səfərov 60 kq-da öz sözünü deyən idmançılardandır. Baxmayaraq ki, 5 aydır zədəsinin bərpası ilə əlaqədar yarışlarda iştirak etməyib, döyüşümüz çox gərgin keçdi”.

Çüdoçumuz gələn həftə Koreyada keçiriləcək qran-pri yarışı barədə də fikir söyləyib: “Bu yarış göstərdi ki, hazırlığımız yüksək səviyyədədir və fikrimcə, orda da medallar uğrunda mübarizə apara biləcəyik. Hər səhər 4 saat ümumi fiziki hazırlığın nəticəsinin bəhrəsi artıq görünməkdədir. İnşallah, bu tempdə davam etməyə çalışacağıq”.

Həmin kateqoriyadan