Yeniyetmə cüdoçularımız 10 medalla Avropa kubokunun qalibi oldular

Çex Respublikasının Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Avropa kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi son yarış günü hesabına daha 1 medal yazdırıb.

73 kq-da Paşa Əliyev Almaniya, Polşa, Avstriya, Ukrayna və Hollandiya cüdoçularını məğlub edərək finala yüksəlib. Lakin həlledici qarşılaşmada sloveniyalı Nik Janusa uduzan Paşayev gümüş medalla kifayətlənib.

Xatırladaq ki, yarışın ilk günü cüdoçularımız 9 medal qazanıb. Fərid Qəzənfərov (50 kq) Əhməd Yusifov (55 kq), İbrahim Əliyev (60 kq) və Şəfəq Həmidova (44 kq) qızıl, Elçin Hüseynov (60 kq) gümüş, Rəşxan Baxşəliyev, Rəşad Yelkiyev (hər ikisi 50 kq), Yaqub Cavadov (60 kq) və Vüsalə Kərimova (40 kq) bürünc medallara sahib olublar.

Bununla da, Azərbaycan millisi 10 mükafatla komanda hesabında Avropa kubokunu birinciliklə başa vurub. 29 ölkədən 736 idmançının qatıldığı Avropa Kubokunda millimiz 26 cüdoçu (20 oğlan, 6 qız) ilə təmsil olunub.

Həmin kateqoriyadan