4-qat dünya və 4-qat Avropa çempionumuz: Hər kəs öz gücünü bilir və öz gücünə inanır

Rio-2016-da 1-nəfərlik kanoe qayığında 200 metr məsafədə gümüş medal qazanan Valentin Demyanenko ilk təəssüratını yerində “İdman” qəzetinə bölüşüb. Allsport.az saytı xəbər verir ki, London-2012-də buraxdığı fürsəti Braziliyada fövtə verməyən 4-qat dünya və 4-qat Avropa çempionumuz, nəticəsindən razı qalmadığını deyib.

– Valentin, səni təbrik edirik. Hansı hissləri keçirirsən?
– Olimpiadada medal qazanmaq inanılmaz hisslər oyadır. Gərgin yürüş oldu. Rəqiblər çox güclü idi. Elə alındı ki, ikinci oldum.

– Ümumiyyətlə, özün hansı nəticəni gözləyirdin?
– Olimpiadaya gələn hər bir idmançı qızıl medal arzulayır. 2-ci, 3-cü, 4-cü olmaq istəyən yoxdur.

– Ancaq konkret rəqiblərin siyahısına baxanda, idmançı düşünür ki hansı yeri tuta bilər.
– Hər kəs öz gücünü bilir və öz gücünə inanır. Buradakılar da öz güclərinə inanan idmançılardır.

– Nəticə elə alındı ki, Azərbaycanın Rioda 10-cu medalını sən qazandın. Bizim oxuculara nə deyə bilərsən?
– İdmanla məşğul olun. İdman həmişə irəli aparır, sağlamlıqdır. Digər yandan da idman nizam-intizamdır, insanı məsuliyyətə öyrədir.

– Sən bir çox mötəbər yarışlarda iştirak etmisən. İndi nə hiss edirsən? Fiziki hazır idinmi?
– 100 faiz hazır idim.

– Nəzərə alsaq ki, ötən olimpiadada medal olmadı, indi gümüş medal əla nəticədir.
– Mənim üçün deyil. 15 yaşımdan, həyatımın yarısını bu idmanla məşğul oluram.

– Ümid edirik, Tokioda qızıl medal olacaq.
– Tokioda 200 metrlik yarışı ləğv edirlər. Başqasına keçmək lazım gələcək.

– Evə dönəndə birinci nə etmək istəyirsən?
– İlk növbədə atamın anamın yanına gedib sevincimi onlarla bölüşmək istəyirəm.

Söhbətləşdi: Qabil Mehdiyev
Rio de Janeyro

Həmin kateqoriyadan