Ağacan Abiyev: Məhəmməd Əli barədə dediyimi mətbuata düzgün çatdırmayıblar

Bu yaxınlarda dünyanın ulduz boksçusu Məhəmməd Əli dünyasını dəyişdi. Onun ölümü dünya idman ictimaiyyətini sarsıtdı. Haqqında çoxlu müsbət fikirlər səsləndirildi, döyüşləri bir daha ekrana gəldi, xatirəsi yad edildi. Ölkəmizdə dahi rinq ustasının ölümü barədə Boks federasiyasının 1-ci vitse-prezidenti Ağacan Abiyev açıqlama verib. Amma onun fikri bir müddət geniş müzakirəyə səbəb olmuşdu. Guya ABF rəsmisi onun boks üçün heç nə etmədiyi, olimpiya hərəkatında rolunun olmadığını deyib. Məsələni araşdırmaq üçün, Ağacan müəllimlə görüşdük. O, allsport.az saytına açıqlamasında bildirdi ki, Məhəmməd Əli barədə söylədiyini mətbuata düzgün çatdırmayıblar:

«Məhəmməd Əli dahi boksçu olub. Buna heç kimin şübhəsi yoxdur. O, 1960-cı ildə keçirilən Roma olimpiadasında qızıl medal qazandı. Onda onun 18 yaşı vardı. Həmin dövrü yaxşı xatırlayıram. Çünki mən də boksla fəal məşğul idim. Roma oyunlarından sonra o, peşəkar boksa keçdi. Çox tez bu addımı atdı. Peşəkar boks nə AİBA-nın, nə də olimpiya oyunlarının bayrağı altında keçirilmir. Məhəmməd Əli sonrakı uğurlarını peşəkar rinqə qazanıb. Belədə, onun qələbələrinin AİBA-ya nə aidiyyatı var? Atlanda-1996-da olimpiya məşəlini o yandırdı. Buna hamı kimi, mən də sevindim. O, ölkəsinə çox xeyir verib. Amma nə edibsə, ABŞ üçün edib. Vyetnam müharibəsi zamanı da xalqının yanında oldu, milləti üçün çalışdı. İndi siz deyin, onun bu uğurlarında, hərəkətlərində  Olimpiya Hərəkatı ilə nə bağlılı var»?

Ağacan Abiyev onun barəsində səsləndirilən fikirlərə də münasibət bildirdi. Dedi ki, haqqında gedən səhv məlumatlar sifarişlə edilib və o, bunun arxasında kimin dayandığını bilir: «Elektron mediada belə söhbət gəzdi ki, guya mən boks üçün heç nə etməmişəm. Əlində, nəinki Azərbaycan, dunya boksuna böyük töhfəm olub. Mənim xalların elektron hesablamasında ixtiramdan uzun müddət yarışlarda istifadə edilib. Texniki elimlər namizədi, Beynəlxalq Elmlər Akademiyasının üzvü, professoram. SSRİ çempionatında finala çıxmışam. Onda bizimkilər heç «onluğa» düşə bilmirdilər. AİBA və EABA-da yüksək vəzifələr tutmuşam. 2004-cü ildə Afina olimpiadasının boks üzrə baş hakim idim. Bu, MDB ölkələri arasında ilkdir.

Ölkəmizdə bir çox mötəbər yarışlar şəxsi təşəbbüsümlə keçirilib. Məhəmməd Əli böyük boksçudur. Amma bizim uşaqlar Rövşən Hüseynov, Əli İsmayılov və Ağası Məmmədov kimi usta, titullu boksçularımızdan ilhamlanıblar. Hər şeyi Məhəmməd Əlinin ayağına yazmaq olmaz. Onun uğurlarını mən edə bilməmişəm, mənim işimi də o görə bilməyib».

Kamran HACI

Həmin kateqoriyadan