Albert Aqarunovun xatirəsinə şahmat turniri

“Neftçi” idman klubu və milli qəhrəman Albert Aqarunov adına “Chess Master” şahmat klubunun birgə təşkilatçılığı ilə rapid turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, əfsanəvi tankçının anadan olmasının 57-ci ildönümünə həsr olunmuş yarışda müxtəlif idman təşkilatlarını təmsil edən 55 şahmatçı bacarığını nümayiş etdirib.

Turnirin keçirilməsində əsas məqsəd Albert Aqarunovun əziz xatirəsini yad etmək, onun qəhrəmanlıq irsini gənc nəsil arasında təbliğ etmək, eyni zamanda uşaqlar arasında şahmata olan marağın artırılması, onların intellektual inkişafının dəstəklənməsi və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdən ibarət idi.

Yarışda oğlanlar arasında Məhəmməd Mustafayev (“Neftçi” İK) turnirin qalibi adını qazanıb. Asim Şeydayev (Xaçmaz rayon uşaq-gənclər idman-şahmat məktəbi) gümüş, Hüseyn Mirheydərov (Albert Aqarunov adına “Chess Master” şahmat klubu) isə bürünc medala layiq görülüb.

Qızların mübarizəsində Məryəm Qeybullayeva (Xaçmaz rayon uşaq-gənclər idman-şahmat məktəbi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Zəhra Cabbarova 2-ci, Aminə Amanzadə (hər ikisi – “Neftçi” İK) isə 3-cü yeri tutub.

Turnirin qalib və mükafatçılarına diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Həmin kateqoriyadan