Alimpaşa Məmmədov: Bu 10 gündə Şəmkirdə əsl idman bayramı yaşanıb

Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində Vüqar Həşimovun xatirəsinə superturnirinin bağlanışı keçirilib. Allsport.az saytı xəbər verir ki, “Synergy Group” tərəfindən təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edib. O, 10 gün ərzində Şəmkirdə idman bayram əhvalı yaşandığını bildirib: “Paytaxtdan 400 kilometr məsafədə yerləşən Şəmkir beynəlxalq şahmat yarışına dördüncü dəfə ev sahibliyi edir. Bu, ulu öndər Heydər Əliyevin idmana və idmançılara doğma münasibətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir. Bu günlərdə Şəmkirdə əsl idman bayramı yaşandı. Buna görə hər bir şahmatçıya təşəkkür etmək istərdim”.

Yarışın əhəmiyyətindən söz açan Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov artıq dördüncü dəfə keçirilən ənənəvi turnirin uğurla başa çatdığını söyləyib. Respublikada şahmatın inkişafı ilə bağlı görülən işlərdən danışan vitse-prezident bildirib ki, gələn il V “Shamkir Chess 2017” şahmat turnirində də dünyanın tanınmış şahmatçıları mübarizə aparacaq: “2018-ci il turnirin yubiliey ilidir. Bu il biz ikiqat sevinc yaşadıq. Çünki millimizin üzvü Şəhriyar Məmmədyarov ardıcıl ikinci dəfə turnirin qalibi oldu”.

Gürcüstan Şahmat Federasiyasının Prezidenti Giorgi Giorqadze çıxış edərək Gürcüstan ilə Azərbaycan Şahmat Federasiyaları arasındakı əlaqələrdən danışıb, Vüqar Həşimovla bağlı xatirələrini bölüşüb. Qonaq yüksək təşkilatçılığa görə Synergy Group-a təşəkkür edib.

“Shamkir Chess 2017”nin Təşkilat Komitəsinin sədri, turnirin direktoru Fərid Hüseynov çıxışında turnirin yüksək səviyyədə işıqlandırdıqlarına görə bütün media nümayəndələrinə təşəkkürünü bildirib. Turnirin direktoru maraqlı statistik məlumatları açıqlayıb. 10 gün ərzində rəsmi sayt vasitəsilə partiyaları milyona yaxın insanın izlədiyini deyən Fərid Hüseynov yarışla bağlı reportajların Azərbaycanla yanaşı Rusiya və Ukrayna televiziya kanallarında da nümayiş etdirildiyini vurğulayıb. Şəmkirlilərə qonaqpərvərliyə görə minnətdarlığını çatdıran Təşkilat Komitəsinin sədri yarışın qalibi Şəhriyar Məmmədyarovu təbrik edib.

Diqqətə çatdırılıb ki, 2010-cu ildə yaradılan “Synergy Group” özünün korporativ sosial məsuliyyət siyasəti çərçivəsində Azərbaycanda təhsilin, idmanın inkişafına və eyni zamanda, ölkəmizin dünyada tanınmasına töhfəsini bundan sonra da davam etdirəcək.

Vüqar Həşimovun qardaşı Sərxan Həşimov çıxış edərək ardıcıl dördüncü dəfə baş tutan yarışın təşkilatçılarına təşəkkürünü bildirib. Vüqar Həşimovun oyun üslubuna yaxın partiya sərgilədiyi üçün Şəhriyar Məmmədyarova, yüksək təşkilatçılığa görə Təşkilat Komitəsinin sədri Fərid Hüseynova çox sağ ol deyib.Sonra Vüqar Həşimovun ailəsi tərəfindən təsis olunan mükafat əzmkar mübarizəylə yadda qalan hindistanlı şahmatçı Pentala Harikrişnaya və yüksək təşkilatçılığa görə Təşkilat Komitəsinin sədri Fərid Hüseynova təqdim edilib.

Sonda yarışın baş hakimi Faiq Həsənov yekun nəticələri elan edib. ShamkirChess 2017 turnirinin direktoru Fərid Hüseynov ardıcıl ikinci dəfə Vüqar Həşimov Memorialında birinci yeri tutan Şəhriyar Məmmədyarova qalib üçün hazırlanan kuboku təqdim edib.

Həmin kateqoriyadan