AMADA-dan Tokio-2020-yə vəsiqə qazananlara dəstək. Sertifikat alan ilk idmançı Mariya Stadnik oldu

İdmançılar üçün vacib olan “Tokio-2020 üçün ADEL” platforması Azərbaycan dilində istifadəyə verilib. Allsport.az saytı xəbər verir ki, Ümumdünya antidopinq agentliyinin tədris platforması olan ADEL tərəfindən hazırlanan bu proqram olimpiya oyunlarına lisenziya qazananlar və onları müşayiət edəcək köməkçi heyəti (məşqçi, həkim və s.) üçün nəzərdə tutulmuş onlayn kursdur.

Məqsəd, dopinq nəzarəti ilə bağlı ən vacib məlumatları onlara çatdırmaqdır. Onlayn kursdan keçənlər Tokio-2020-də antidopinq qaydaları, dopinq nəzarəti prosesi, habelə terapevtik istifadə üçün icazə və dərmanların necə yoxlanılması haqqında məlumat əldə edəcəklər. Bu kurs vasitəsilə idmançılar həm də hüquq və vəzifələri, oyunlar zamanı onların üzərində yurisdiksiyası olan təşkilatlar haqqında biliklərini təkmilləşdirmiş olacaqlar.

İnteraktiv onlayn təhsil kursu bir neçə mərhələdən ibarətdir. Hər mərhələdə iştirakçıya vacib biliklər verilir və yekunda biliklərin yoxlanılması üçün suallar olur. Ümumi sualların 80 faizindən çoxunu düzgün cavablandıran şəxslər kursu müvəffəqiyyətlə tamamlamış olur və elektron sertifikat əldə edir.

Bu platforma idmançıların Tokio-2020-yə hazırlığının ayrılmaz hissəsidir və idmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi vacibdir. Bunun əhəmiyyətini nəzərə alaraq, Azərbaycan milli antidopinq agentliyi onların kurslardan keçməsi üçün bütün lazımi dəstəyi göstərir. Güləş üzrə 3-qat olimpiya medalçısı, 2-qat dünya, 2-qat Avropa oyunları və 8-qat qitə çempionu Mariya Stadnik kursu keçərək, sertifikatını alan ilk idmançı olub.

Həmin kateqoriyadan