Antidopinq Konvensiyasının nümayəndələri ölkəmizə gəlib

Avropa Şurasının Antidopinq Konvensiyasının və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri arasında görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, görüşdə Avropa Şurasının Antidopinq Konvensiyasının mütəxəssisləri – Dünya Antidopinq Agentliyinin direktor müavini Tom Mey və nümayəndələri Rafal Piekota, Satu Heikkinen, Florian Kavel, Lien Kozlovska, Olimpia Karavasili, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev, həmçinin AMADA-nın baş direktoru Şəfəq Hüseynli iştirak ediblər.

Toplantıda Azərbaycandakı mövcud antidopinq qanunvericiliyi, siyasəti və quruluş vəziyyəti təhlil edilib, MOK və AMADA arasında əməkdaşlıq məsələləri müzakirə olunub. 2016-cı ildə imzalanmış memorandum əsasında Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Milli Antidopinq Agentliyi idmançılara ciddi ziyan vuran və güclü təsir edən maddələrin istifadə olunmasının qarşısını almaq məqsədilə sıx əməkdaşlıq edir.

Yığıncaqda Milli Olimpiya Komitəsinin “2018-Antidopinq ili” layihəsi nəzərdən keçirilib. Buraya idmançılar və məşqçilər üçün seminarların, media nümayəndələri ilə açıq görüşlərin, müxtəlif idman federasiyaları ilə təlimlərin təşkili daxildir.

Sonda mütəxəssislərin layihə və Azərbaycandakı antidopinq vəziyyəti ilə bağlı sualları cavablandırılıb.

Həmin kateqoriyadan