Arif Əsədov: “Əcnəbi futbolçu transfer etməyi düşünmürük”

“Neftçi” klubunun baş məşqçisi Arif Əsədov neftchipfk.com-a müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə, mütəxəssis, Antalyada keçəcəkləri hazırlıqdan danışıb, “ağ-qaralar”ın bu mövsüm çempionliq imkanını dəyərləndirib.

– İlk olaraq komandanın hazırlıq planı barədə məlumat verərdiniz.
– Plana uyğun olaraq bu gündən hazırlıq mərhələsinə başladıq. Artıq ilk məşqimizi keçmişik. Sabahdan etibarən gündə iki məşqimiz olacaq. Səhər hazırlığı əsasən fiziki tapşırıqlar üzərində qurulacaq. Axşam isə toplu çalışmalara üstünlük verəcəyik. Yanvar ayının 10-da Bakıdakı hazırlığımız yekunlaşacaq. Ertəsi gün Antalyaya yollanacağıq. Məşqlərimiz orada davam edəcək. Yanvarın 24-ə kimi 6 yoxlama oyunu keçirməyi də nəzərdə tutmuşuq.

– Türkiyəyə yollanacaq heyətə gənc futbolçular cəlb olunacaqmı?
-Biz Türkiyəyə 2 heyətlə yollanacağıq. Orada keçirəcəyimiz yoxlama oyunlarında gənc futbolçulara da şans verəcəyik. İstəyirik ki, onlar da əsas komandaya uyğunlaşsınlar. Bu oyunlarda çatışmayan cəhətlərimizi daha aydın görə biləcəyik və hazırlıq prosesi bitənə kimi istədiyimiz komandanı formalaşdırmağa çalışacağıq.

– Yeni futbolçuların transferi ilə bağlı nə düşünürsünüz?
– Klubumuzun inkişaf strategiyasının əsasında gənc yerli futbolçuların inkişafı dayanır. Hazırda komandamızda yetərli qədər legioner futbolçu var. Daha əvvəl də dediyim kimi əcnəbi futbolçu transfer etməyi düşünmürük. Ola bilsin ki, yerli futbolçular dəvət etdik. Hazırda danışıqlar apardığımız futbolçular var. Amma, bu haqda keçid rəsmiləşərsə ictimaiyyətə rəsmi məlumat veriləcək.

– Həm çempionat, həm də ölkə kuboku. İki cəbhədə çətin olmayacaq ki?
-Həm kubok, həm də çempionatda hədəfimiz maksimum nəticə göstərməkdir. Çempionluq üçün sona kimi mübarizə aparacağıq. Hazırlıq mərhələsi zamanı bəzi mövqeləri gücləndirməyə çalışacağıq. Bu vaxtdan ən səmərəli şəkildə yararlanmalıyıq.

– Çemponluq yolunda əsas rəqiblər hansı komandalardır?
-Bütün rəqiblər “Neftçi”yə qarşı var qüvvəsi ilə oynayır. Hər oyuna ən yüksək səviyyədə köklənməlisən. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Çempionluq uğrunda əsas rəqiblərimizə gəldikdə isə düşünürəm ki, “Neftçi” ilə yanaşı “Qarabağ”, “İnter” və “Qəbələ” klubları daha şanslıdır.

Həmin kateqoriyadan