AVF və GVF rəhbərləri Tovuzda görüşüblər

AVF və GVF rəhbərləri Tovuzda görüşüblər

Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov Gürcüstan voleybol federasiyasının (GVF) prezidenti David Tevzadze ilə görüşüb.

Allsport.az xəbər verir ki, bu gün Tovuz olimpiya idman kompleksində keçirilən görüşdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katibi Faiq Orucov, idman şöbəsinin direktoru Şir-Aslan Kərimov, “Turan” voleybol klubunun fəxri prezidenti Fəlah Quliyev, GVF-nin baş katibi İvane Şeklaşvili, inkişaf koordinatoru Andrey Lefçinko və milli komandanın baş məşqçisi Pata Ulumbulaşvili iştirak ediblər.

Görüşdə iki federasiya arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər öz ölkələrində voleybolun inkişafı, xüsusilə uşaq voleybolu sahəsində görülən işlər barədə fikir mübadiləsi aparıblar. Həmçinin 2024-cü ildə AVF ilə GVF arasında imzalanmış əməkdaşlıq memorandumunun müddəalarının icrası müzakirə edilib.

Federasiya rəhbərləri “Turan” klubuna uğurlar arzulayıblar.

Görüşdən sonra hər iki federasiyanın rəhbərliyi “Turan”ın çempionlar liqasının II təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Mladost” komandası ilə qarşılaşmasını arenadan canlı izləyib.

Həmin kateqoriyadan