“Avropa Oyunları bizim üçün təkcə idman yarışı deyil, musiqi və dostluq bayramıdır”

“Avropa Oyunları bizim üçün təkcə idman yarışı deyil, musiqi və dostluq bayramıdır”. Allsport.az xəbər verir ki, bu fikir aprelin 17-də “Hilton Baku” otelində bəstəkar-müğənni, əməkdar artist, “Baku-2015” ilk Avropa oyunlarının ulduz elçisi Tünzalə Ağayevanın İtaliya və Fransanın tanınmış müğənnisi Kelli Coys ilə birgə keçirdiyi mətbuat konfransında səslənib.

Mətbuat konfransı “Baku smiles” adlı musiqi layihəsinə həsr olunub. T.Ağayeva K.Coys ilə duet şəklində ifa olunan mahnının şəxsi təşəbbüsü ilə yarandığını söyləyib. Bu musiqi əsərinin “Baku-2015” ilk Avropa oyunlarına həsr edildiyini bildirən müğənni deyib:

“İlk Avropa Oyunlarının ulduz elçisi olaraq mən də yarışlara öz töhfəmi bu mahnım ilə vermək istəyirəm. Bütün dünyanın diqqətini iyunda ölkəmizə yönəldəcək Avropa Oyunları üçün ifa edəcəyim mahnının ingilis versiyasını məşhur fransalı müğənni K.Coys təqdim edəcək”.

T.Ağayeva bildirib ki, K.Coys İtaliya və Fransada tanınan pop ifaçısı, bəstəkar və şairədir. Konfransda “Bakı–2015” Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov bildirib ki, Avropa Oyunları bizim üçün təkcə idman yarışı deyil, musiqi və dostluq bayramıdır.

Qeyd edək ki, mahnının sözləri İsmayıl Dadaşova, musiqisi Tünzalə Ağayevaya, aranjimanı Emin Kərimova məxsusdur. Klip yaxın günlərdə televiziya kanallarında yayımlanacaq.

Həmin kateqoriyadan