Avropa şahmat ittifaqının prezidenti Bakıya səfər edəcək

Avropa şahmat ittifaqının prezidenti Zurab Azmayparaşvili beynəlxalq qrossmeyster Vüqar Həşimovun memorialında fəxri qonaq qismində Bakıya səfər edəcək. Allsport.az saytı xəbər verir ki, qurumun rəhbəri dekabrın 17-də paytaxtda olacaq.

7-ci dəfə təşkil ediləcək super turnirdə şahmatçılarımızdan Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vüqar Əsədli birincilik uğrunda yarışacaqlar. Azərbaycan şahmatçıları ilə yanaşı, turnirdə Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və Çexiya təmsilçisi David Navara da mübarizə aparacaqlar.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə bu turnirin qalibi olublar.

Həmin kateqoriyadan