- Baxış sayı: 34
- 18 İyul 2025 22:16
- Baxış sayı: 172
- İyul 17, 2025
- 0
Azərbaycan futbolunda rəhbərlik dəyişsə də, çatışmamazlıqlar davam edir və daha qabarıq şəkildə özünü büruzə verir. Milli tağım xeyli müddət qələbəyə həsrətdir – futbol başbilənlərinin siyasətinə görə, 70 yaşlı portəgiz baş məşqçi ömrünü burada başa vurmalıdır. Müxtəlif dəstələrdə klubların sayı artsa da, yaşıl meydanların yoxluğu və bərbad durumda olması hərəkətliliyin müsbət istiqamətinə təsirini göstərə bilmir. “Ekosistem”in nə vaxt işlək vəziyyətə düşməsi və ümumən işə düşəcəyi sual altındadır. Dövlət qulluqçusu, tanınmış idman rəyçisi Pərvin Mehdiyev allsport.az saytına müsahibəsində həmin problemlərin həlli yollarını göstərib.
– Azərbaycan futbolunun inkişafında hansı islahatlar olmalıdır?
– Öncə qanunvericilik sisteminə uyğun imkanlarımız və bu sahənin inkişafında maneə olan təhdidlərimiz düzgün qiymətləndirilməlidir. Bu aspektdən baxsaq bir sıra problemlərə təklif və uğurlu nümunə göstərmək olar.
– Hansıları qeyd edə bilərsiniz?
– İdarəetmədə islahatlar və şəffaflıq
AFFA rəhbərliyi ictimai hesabatlı olmalıdır: illik fəaliyyət və maliyyə hesabatları paylaşılmalıdır. İdarə heyətinə müstəqil idman ekspertləri, veteran futbolçular və klub nümayəndələri daxil edilməlidir. Buna uğurlu nümunə: Almaniya futbol federasiyası (DFB) – illik hesabat verir, baş məşqçi və texniki heyət ictimai debatlara çıxarılır.
Uşaq və gənclər futbolunun əsas elan olunması
Hər iqtisadi zona üzrə AFFA nəzdində regional akademiyalar açılmalı, məşqçilər beynəlxalq standartlara uyğun təlim keçməlidir. 6-14 yaşlılar üçün məktəbli futbol liqaları yaradılmalıdır.
Buna uğurlu nümunə: İslandiya modeli-Aşağı əhalisi olmasına baxmayaraq, hər məktəbdə futbol meydanı və UEFA lisenziyalı məşqçi mövcuddur.
Peşəkar məşqçi bazasının genişləndirilməsi
UEFA-nın məşqçi kursları Azərbaycanda daha geniş tətbiq olunmalı, ali təhsil ocağının verdiyi diplom belə beynəlxalq məşqçilik kurslarının səviyyisinə uyğun olmalı və tanınmalıdır. Həmçinin bütün liqalarda lisenziya məcburi olmalıdır.Yaxşı nəticə göstərən məşqçilər üçün mükafatlandırma sistemi qurulmalıdır. Buna uğurlu nümunə: Belçika- “Coach the Coach” proqramı ilə 2000-ci illərdən bu yana məşqçilər sistematik şəkildə yetişdirilir.
Klub sisteminin dayanıqlı olması
Klubların dövlətə deyil, yerli sahibkarlara və icmalara bağlı olması təşviq olunmalıdır. Klub lisensiyalaşması tək maliyyə deyil, infrastruktur və sosial fəaliyyət meyarlarına da əsaslanmalıdır.
Buna uğurlu nümunə: Niderland- klublar bələdiyyə və icma əsaslıdır, akademiyaları və azarkeş bazaları sabitdir.
Azarkeş cəlbetmə və futbol mədəniyyəti
Bilet qiymətləri münasib olmalı, ailəvi azarkeş kampaniyaları təşviq edilməlidir. Klublar məktəblərlə əməkdaşlıq qurmalı, azyaşlılar üçün futbol tədbirləri təşkil etməlidirlər.
Buna uğurlu nümunə: Türkiyə- Yerli azarkeşlərlə sıx bağlılıq quraraq stadionları doldura bilir.
Media və PR sahəsinin gücləndirilməsi
AFFA və klublar sosial media və TV kanallarında daha peşəkar kontentlə çıxış etməlidir. Futbolçular və məşqçilər media ilə işləmə təlimləri almalıdır. Buna uğurlu nümunə: MLS (ABŞ): futbolun populyarlığı az olsa da, peşəkar PR və kontent strategiyası ilə bazar qazanıb.
– Demək, çatışmamazlıq maliyyə ilə bağlı deyil?
– Azərbaycan futbolunun inkişafının problemləri sadəcə “pulsuzluq”la əlaqəli deyil. Əsas məsələ sistemsizlik, şəffaflıq və peşəkar yanaşma ilə bağlıdır. Ona görə də bu istiqamətdə nəticənin əldə edilməsi üçün siyasi iradə, idman adamlarının qərarverici mövqeyə gətirilməsi və azarkeş dəstəyinin canlandırılması əsas rol oynayır.