Bir təyinatın sirri

Bir təyinatın sirri

22 iyunda axşam saatında qardaş ölkədə belə bir rəsmi xəbər yayıldı: “Türkiyə güləş federasiyasının beynəlxalq təmsilçilik fəaliyyətinə nəzarət etmək və xarici əlaqələrini inkişaf etdirmək üçün hörmətli Əjdər Cəfərov, Beynəlxalq nümayəndəlik və xarici əlaqələr direktoru təyin edilib”. Bunun ardınca TGF-in başqanı Taxa Ağgül rəsmi açıqlama verdi: “Beynəlxalq idman idarəçiliyi, federasiyalararası əməkdaşlıq və təşkilati proseslər sahəsində təcrübəsi ilə tanınan Cəfərovun Türkiyə güləşinin beynəlxalq şəbəkəsinin gücləndirilməsinə, strateji əməkdaşlığın inkişaf etdirilməsinə və beynəlxalq təşkilatların ölkəmizə gətirilməsinə əhəmiyyətli töhfələr verəcəyi gözlənilir. Ona yeni vəzifəsində uğurlar arzulayırıq və ümid edirik ki, onun Türkiyə güləşinə verdiyi töhfələr faydalı olacaq”.

Açığı, Türkiyədə ayrı ölkənin nümayəndəsinə belə bir yüksək etimad hər kəsə qismət olmur. Qardaş ölkədə vətəndaşlar millətçi, savaşçı ruhda tərbiyə alırlar və onlar seçimdə daim öz insanlarına üstünlük verirlər. Elə bu üzdən Türkiyə himni səsləndirilən zaman, hər kəs əlini sinəsinin üzərinə qoyub, bir ağızdan həvəvlə, sidqi-ürəkdən onu oxuyur; yurd dışında hansısa tədbir olanda, özünkülərini tək qoymurlar. Qardaş məmləkətdə nəyəsə nail olmaq üçün yüksək bacarıq, böyük nüfuz, geniş əlaqə və imkanlı çevrə lazımdır. Həmyerlimizdə onların hamısı var. Əldə etdiyimiz bilgiyə görə, məsələyə sonda Bilal Ərdoğan qarışıb. O, atası cənab Rəcəb Tayyibə, cümhur başqanı da Türkiyənin gənclər və idman naziri Osman Eşqinə deyəndən sonra, bu təyinat baş tutub.

İndi gəlin təhlil aparaq, nəyə görə olimpiya, 3-qat dünya və 10-qat Avropa çempionu sözü gedən təyinatın həll olunmasının üzərində israrla dayanıb. Birincisi, o, həmyerlimizi yaxşı tanıyır, yunan-Roma güləş millimizin türkiyəli keçmiş baş məşqçisi Şaban Donatın dönəmində yaxşı tanışlıqları olub və xocadan həmyerlimiz barədə çoxlu dəyərli bilgi alıb, Əjdər Xosrovoğlunun işgüzarlığına dəfələrlə şahidlik edib. İkincisi, 3-qat olimpiya mükafatçısı, 5-qat dünya və 13-qat Avropa çempionu Rza Qayaalpın dopinq cəzasının yüngülləşdirilməsində böyük iş görüb. Belə ki, İdman Arbitraj Məhkəməsi (CAS) türkiyəli bahadırın “xoş niyyət” ünsürünü nəzərə alaraq, ona tətbiq edilən 4-illik qadağanı 18 aya endirib. Öncə 2028-ci ilə qədər qüvvədə olması nəzərdə tutulan bu yasaq yenilənib və tutullu idmançı 1 yanvar 2026-cı il tarixindən etibarən güləş xalçasına qayıdıb.

Məhz bunun sayəsində, bu aprel ayında Albaniya paytaxtı Tiranada keçirilən Avropa çempionatında, 37 yaşlı idmançı peşəsinin qürub çağında 12-ci dəfə baş mükafata yiyələnməklə, əfsanəvi rusiyalı yunan-Roma güləşçisi Aleksandr Karelinin uğurunu geridə qoyub. Üçüncüsü, Əjdər Cəfərov beynəlxalq hakim olduğu müddətdə dünya güləşinin bütün incəliklərini mənimsəyib. Uzaqgörənliyi, dəqiq təhlilləri və ehtimalları, xüsusi hissiyyatı ilə durumu öncədən düzgün dəyərləndirə bilir, məqsədli gedişləri sayəsində istədiyinə nail olur. Bir çox məsələdə təmkin göstərir, səbrlə əlverişli zamanı gözləyir. Çevikdir, sağı göstərib soldan vurur.

Xatırladım ki, sözü gedən şəxs uzun illər sərbəst güləş üzrə yeniyetmələrdən ibarət milliyə rəhbərlik etmiş Xosrov Cəfərovun oğludur. O, dünyasını dəyişdikdən sonra, onun uşaqlıq dostu – AGF-in o vaxtkı 1-ci vitse-prezidenti Cavanşir Qurbanovun səyi ilə federasiyada fəaliyyətə başlamışdır. 2007-ci ildə rəhbər dəyişiklikdən sonra hakimlikdə özünü doğrultmuş və AGF-in mərhum prezidenti Fazil Məmmədovun əmri ilə 2009-cu ildə hakimlər komitəsinə sədr təyin olunub. 2011–2016-cı illərdə Azərbaycan güləş federasiyasının baş katibi vəzifəsində çalışıb. İdman ustası, əməkdar məşqçidir, olimpiya dərəcəli beynəlxalq hakim olub. Əjdər Cəfərov 3 olimpiya oyunlarında ədaləti qoruyub: Sinqapur-2010, London-2012 və Nanjinq-2014.

Uğurları və təltifləri yetərincədir: 2012-ci ildə Azərbaycan respublikası prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə ödülləndirilib; 2012-ci ildə Dünya güləş birliyi tərəfindən güləş qaydalarının təbliğinə görə yüksək mükafata layiq görülüb. 2015-ci ildə “Azərbaycan respublikası prezidentinin fəxri diplomu” ilə təltif edilib; Bakı-2015 ilk Avropa oyunlarında güləş yarışlarının beynəlxalq əlaqələndiricisi olub. AGF-dən sonra bir müddət Milli Məclisin aparatında çalışıb. 2018-ci ildən “Təhsil” RİM-in nəzdində 2 saylı Respublika ixtisaslaşmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin direktorudur. Bu ilin fevralında Azərbaycan badminton federasiyasında baş katib vəzifəsinə təyin olunub. Gənclər və idman naziri Fərid Qayıbov daim onu təqdir edir, mütəxəssis kimi öndə olmasını arzulayır. Yeri gəlmişkən, bu, Fərid Qayıbovun olimpiya ailəsində yer alan Avropa Gimnastikasına prezident seçilməsindən sonra, ölkə idmanı üçün 2-ci ən nüfuzlu və uğurlu hadisədir.

Kamran HACI

Həmin kateqoriyadan