“Azərbaycanda İspaniya futbolu oynanılır”

Türkmənistan yığmasının və Qazaxıstanın “Jetısu” klubunun müdafiəçisi Davron Erqaşev Azərbaycandakı çıxışından, “Qəbələ”dən danışıb. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– “Jetısu”ya qayıtmaq variantı necə yarandı?
– Mənim “Qəbələ” ilə yarım illik müqaviləm var idi. Azərbaycan klubu ilə müqaviləm başa çatmaq üzrə olarkən “Jetısu”dan mənə tez-tez zəng gəlməyə başladı. Onlar məni geri çağırırdılar. Mən də bu təklifi qəbul etməyə qərar verdim. Çünki əvvəl də bu komandada oynamışdım. Burada çox yaxşı şərait var, uşaqlarla, məşqçilərlə yaxşı tanışam. Ona görə də geri qayıtmağa qərar verdim.

– “Qəbələ”də, Azərbaycanda keçirdiyiniz zamanı necə dəyərləndirə bilərsiniz?
– Azərbaycanın yaxşı çempionatı var. Azərbaycan və Qazaxıstana çempionatları arasında fərq ondadır ki, burada güc futboluna üstünlük verilir. Azərbaycan çempionatında isə texnikalı futbola üstünlük verilir. Belə demək mümkünsə, Qazaxıstanda İngiltərə, Azərbaycanda İspaniya futbolu oynanılır.

– Azərbaycan futboluna tez uyğunlaşa bildiniz?
– Ötən mövsüm “Jetısu”da bütün mövsümü oynamışdım. Sonra “Qəbələ”yə yollandım. Həmin vaxt Azərbaycan çempionatında ikinci dövrə oynanılırdı. İlk dövrədən sonra bu komanda birinci yerdə gedirdi. Əlbəttə, əvvəllər mənə bir qədər çətin idi. Amma sonradan hər şeyə alışdım, uyğunlaşdım və əksər oyunlarda meydana çıxdım.

– “Qəbələ”də Yuri Syominin rəhbərliyi altında oynamısınız. Bu barədə nə deyə bilərsiniz?
– Çox yaxşı mütəxəssisdir. Mən ondan çox şey öyrəndim. Maraqlı məşqləri var idi. Taktika üzərində daha çox çalışırdı. Çox yaxşı məşqçidir. Şadam ki, elə bir mütəxəssislə birgə çalışmaq şansı qazandım.

Həmin kateqoriyadan