“Azərişıq”ın sədri milli avarçəkmə federasiyasının başına keçdi

Dekabrın 22-də gənclər və idman nazirliyində Azərbaycan milli avarçəkmə federasiyasının ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, öncə dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq, yığıncağın işinə uğurlar arzulayıb.

AMAF-in prezidenti Elçin Zeynalov hesabat məruzəsi ilə çıxış edərək son illərdəki fəaliyyət barədə məlumat verib. Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov səsvermə nəticəsində yeni prezident seçilib.

Yığıncaqda, həmçinin Kamil Hüseynov və Fərid Əmirov vitse-prezident, Leyla Əliyeva və Rəhman Xanlarov isə idarə heyətinə üzv seçiliblər. Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın yeni rəhbərliyinə uğurlar arzulayıb.

AMAF-in yeni prezidenti Vüqar Əhmədov çıxış edərək, göstərilən etimada görə təşəkkürünü bildirib. O, qeyd edib ki, idman həm ölkənin nüfuzunun yüksəldilməsində, həm də insanların sağlamlığının təmin olunmasında xüsusi rol oynayır. Federasiya prezidenti Azərbaycanda avarçəkmə idmanının inkişaf etdirilməsi üçün səylə çalışacaqlarını bildirib.

Həmin kateqoriyadan