Azad Rəhimov: Əbu Dabidə mənzərə şəhər qran-prilərindən fərqlənir

Bu gün formula1 üzrə Əbu Dabi qran-prisində əsas mərhələ başladı. Allsport.az saytı xəbər verir ki, mövsümün son yarışına maraq böyükdür. «Yas Marina» milli avtodromunda çox sayda tamaşaçı var. Yürüşü izləyənlər arasında gənclər və idman nazirimiz də var. Şəhərcikdə yaradılan şəraitlə tanış olan Azad Rəhimov sonra, Bakı Şəhər Halqası əməliyyat şirkəti tərəfindən BƏƏ-nin paytaxtına ezam olunmuş KİV əməkdaşlarına müsahibə verdi:

– İşin gedişini yaxından izlədiniz, komandaların yerləşdiyi düşərgə ilə tanış oldunuz. İlkin təəssürat nə oldu?
– Təşkilatçılıq baxımından tamamilə fərqli olan işdir. Burda ayrıca şəhər yaradılıb. Onun özünün yeraltı yolları, tunelləri, daxildə birdəfəlik tikilən binaları var. Bu işlər təşkilatçılıqla bağlıdır. Əbu Dabidə yürüş digərlərindən çətindir. Burda olduğum müddətdə heç bir əngəllə qarşılaşmamışam. Ona görə, hazırlığı yüksək qiymətləndirirəm.

– Azad müəllim, Bakı ilə Əbu Dabi arasında nə fərq gördünüz?
– Düzü, burada birinci dəfə oluram. Yenilik odur ki, Əbu Dabi çox fərqlidir. Getdiyim Sinqapur və Monako, eləcə də Bakı şəhər ötüşməsidir. Xüsusi yürüş üçün salınan tras tam başqadır. Bu işlər ciddidir və ümidli gələcək vəd edir.

– Bizdə hazırlıq işləri hansı səviyyədədir? Bəllidir ki, bu dəfə Azərbaycan qran-prisi daha tez keçiriləcək.
– Təşkilatçılıqda müəyyən dəyişiklik qaçılmazdır. Amma bulvarda yeni maraqlı məqamlar olacaq: əyləncə mərkəzləri, oturaq tribunalar və skaybokslar artırılacaq. Digər bəzi infrastruktur işləri göz önündədir. Azadlıq meydanında qurulmuş düşərgə qalmaqdadır, orda heç bir dəyişiklik olmayacaq.

– Cənab nazir, cari mövsümdə Bakıda təşkil edilən yarış Ramazan bayramına düşmüşdü. Gələn il qran-pri apreldə olacaq…
– Prinsip etibarı ilə bizə aprel, may və ya iyun ayları fərq etmir. Məktəb və universitetlərdə dərslərin yekunlaşması, hava şəraiti. İyunda Bakıda isti olur, may sərin keçir. Ona görə aprel sürücülərə və tamaşaçılar xoş gələcək.

Kamran HACI, Əbu Dabi

Həmin kateqoriyadan