FOTO
Azad Rəhimovun xatirə turnirinə start verilib

Mərhum gənclər və idman naziri, görkəmli ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə şahmat turnirinin açılış mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, məktəblilər arasında təşkil edilən turnirin açılışından oncə, gənclər və idman nazirliyinin rəhbərliyi və kollektivi, eləcə də tədbir iştirakçıları II fəxri xiyabanda mərhumun məzarını ziyarət ediblər. Onun önünə gənclər və idman nazirliyi adından əklil və gül dəstələri qoyulub.

132-134 saylı təhsil kompleksinin akt zalında keçirilən açılış mərasimində əvvəlcə Azad Rəhimov haqda hazırlanmış qısa metrajlı film nümayiş etdirilib. Sonra 132-134 saylı təhsil kompleksinin direktoru Sara Xanlarova, gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, şahmat federasiyasının prezidenti Elman Rüstəmov, məktəb idmanları federasiyasının prezidenti Sevinc Hüseynova çıxış ediblər.

Yarış qonaqlarla ailə üzvlərinin ilk şahmat gedişi etməsi ilə start verilib. Rəsmi hissədən sonra vaxtilə təhsil aldığı bu məktəbdə Azad Rəhimov üçün yaradılmış xatirə güşəsinə baxış keçirilib.

Bu gün – Azad Rəhimovun doğum günündə startı verilən turnir 3 saylı respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbində oktyabrın 15-dək davam edəcək. Klassik turnirdə 9 rayon və şəhərdən 16 yaşadək 100-dən çox məktəbli şahmatçı yarışacaq.

Həmin kateqoriyadan