“Bəzən uğursuzluq olur, amma inamı heç vaxt itirməyin”

İddiaçılar turnirində mübarizə aparacaq Nicat Abasov Azərbaycan şahmat federasiyasının rəsmi saytına müsahibə verib.

Allsport.az xəbər verir ki, 29 yaşlı qrossmeyster aprelin 2-25-də Kanadanın Toronto şəhərində təşkil olunacaq yarışla bağlı fikirlərini açıqlayıb.

– Karyeranızda ilk dəfə iddiaçılar turnirində iştirak edəcəksiniz. Mötəbər yarışda iştirak sizin üçün nə deməkdir?

– Hər bir peşəkar idmançının ən böyük arzusu dünya çempionu olmaqdır. Şahmatda dünya çempionluğuna gedən yol iddiaçılar turnirindən keçir və bu artıq son mərhələnin bir addımlığında olan mübarizədir.

– Yəni demək olar, karyeranızın əsas yarışıdır?

– Bu fikirlə razıyam. İddiaçılar turnirində iştirak karyeramın dönüş nöqtəsidir. Şübhəsiz ki, karyeramın ən əsas yarışıdır.

– İddiaçılar turnirində iştirak edən şahmatçılar barədə fikrinizi bilmək maraqlıdır…

– Yarışda olduqca gənc kollektiv var. Səhv etmirəmsə, yaşa görə beşinciyəm. Məndən cavan üç şahmatçı iştirak edir. Çox gənc heyət mübarizə aparacaq. Heyətdə olduqca iddialı şahmatçılar yer alıb. Gərgin mübarizə olacaq. Fikrimcə, Hindistanın üç şahmatçısının iştirakçı olması xüsusi amildir. Adətən Hindistanı həmişə dünya çempionu Vişvanatan Anand təmsil edirdi. İndi isə 3 iddiaçıları yarışacaq. Turnirdə təcrübəsi heç olmayan 4 şahmatçı var.

– Sizə görə ən çətin rəqib kimdir?

– Ən çətin rəqib ilk növbədə özüməm. Yəni gücümü toplayaraq istədiyim oyunu nümayiş etdirsəm, hər bir partiyada bərabər mübarizə ola bilər.

– Sizə qədər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iddiaçılar turnirində iştirak edib. Yarışın atmosferini hiss etmək üçün onlarla söhbətiniz olub?

– Həm Teymur, həm Şəhriyarın bu yarışla bağlı böyük təcrübəsi var. Hər ikisi dəfələrlə iddiaçılar turnirində mübarizə aparıb. Ötən iddiaçılar turnirində Teymur Rəcəbovun komandasında yer almışdım, “sekundant”ı olduğum üçün bilavasitə yarışla maraqlanırdım. Prosesin gedişatında iştirak etməklə müəyyən təcrübə qazanmışam. Əlbəttə, iştirakçının fərqli öhdəlikləri var. Şübhəsiz mənim iştirakımda onların təcrübəsi əvəzsiz rol oynayacaq.

– Sizin üçün əsas məqsəd nədir?

– Yarış üçün əsas məqsədim hazırlıq prosesində əlimdən gələni etməyimdən başlayır. Maksimum yaxşı hazırlaşaraq turnirdə bəhrəsini görmək istəyirəm. Turnirdən sonra geri baxanda elə bir məqam olmasın ki, kaş ki fərqli edərdim düşünüm. Buna görə maksimum dərəcədə hazırlıqlı olaraq mümkün qədər yaxşı nəticə göstərməyi arzulayıram.

– Hazırlığa nə vaxtdan başlayırsınız?

– Artıq hazırlıq başlayıb. Hazırlıqla bağlı yaradılan şəraitə görə Azərbaycan şahmat federasiyasına və şəxsən AŞF rəhbəri Mahir Məmmədova çox sağ ol deməliyəm. Federasiya dəstəyini əsirgəmir.

– Müsahibəyə görə təşəkkür edirik. Şahmat həvəskarlarına nə demək istərdiniz…

– Dünya kubokunda göstərilən dəstəyə yenidən ehtiyacım var. Tək mən deyil, ölkəmizin bütün şahmatçılarına dəstək vacibdir. Bəzən uğursuzluq olur, amma inamı heç vaxt itirməyin. Hər birimiz uğurlu olmaq üçün çalışırıq. Onların dəstəyi bizə əlavə güc verir.

Həmin kateqoriyadan