Bakıda 1,6 milyon dollarlıq dünya kuboku!

Azərbaycanın paytaxtı Bakı növbəti mötəbər yarışa ev sahibliyi etməyə hazırlaşır. Allsport.az xəbər verir ki sentyabrın 10-da Bakıda Ümumdünya Şahmat Federasiyasının (FİDE) şahmat üzrə ən vacib yarışlarından biri olan dünya kubokuna start veriləcək. Oktyabrın 5-dək davam edəcək turnir “Fairmont” otelində keçiriləcək.

128 şahmatçının mübarizə aparacağı bu mühüm turnirin finalçıları şahmat üzrə dünya çempionluğuna iddiaçıların yarışına vəsiqə qazanacaq. Yarışın bütün görüşləri iki partiyadan ibarət olacaq. Əgər iki görüşdən sonra ümumi hesab bərabər olarsa şahmatçılar qalibi tay-brekdə müəyyənləşdirəcək. Yalnız finalda mübarizə aparacaq şahmatçılar 4 dəfə üz-üzə gələcəklər. Şahmatçılara ilk 40 gediş üçün 90, oyunun qalan hissəsi üçün 30, oyunun əvvəlindən hər gedişə əlavə 30 saniyə vaxt veriləcək.

FİDE prezidenti Kirsan İlyumjinov dünya kubokunun Bakıda keçirilməsini yüksək qiymətləndirərək yarışın Azərbaycanda idmanın bu növünün daha sürətli inkişafına təkan verəcəyini bildirərək deyib: “Azərbaycanda mötəbər şahmat yarışlarının keçirilməsinin ənənə halını alması bizi çox sevindirir. Bu gün Bakı beynəlxalq idman tədbirlərinə mükəmməl təşkilatçılığı ilə bütün dünyada tanınır. Azərbaycan atletlərinin çoxsaylı medallar qazanması ilə yadda qalan və çox böyük uğurla başa çatan birinci Avropa Oyunları buna gözəl nümunədir. Bu şəhərdə hərarətli Şərq qonaqpərvərliyi ilə dinamik biznes mühiti, yüksək səviyyəli infrastruktur obyektləri və tarixi abidələr mükəmməl ahəngdarlıq təşkil edir. Şahmatın Azərbaycanın iki min ildən çox tarixi olan mədəniyyətində müstəsna rolu və yeri var. “Satranc” oyunu bu ərazidə 5-ci əsrdən oynanılmağa başlanılıb. Bu haqda dahi Nizaminin əsərlərində də qeydlər var”.

K.İlyumjinov xüsusi qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda idmanın bütün növləri inkişaf edir: “Şahmata marağı xüsusi qeyd etməliyəm. Azərbaycanda olan şahmat ənənələri hamıya məlumdur. Hazırda şahmat hökumətin idman, təhsil və mədəniyyət istiqamətində ən çox diqqət ayırdığı sahələrdəndir. Ötən il Azərbaycan paytaxtı FİDE Qran-pri silsiləsindən ilk turniri yüksək səviyyədə təşkil etdi. Bu il isə Bakı şahmat üzrə dünya kubokuna ev sahibliyi edəcək. Ali şahmat qurumu turnirin yüksək səviyyədə keçiriləcəyinə inanır. Unutmayaq ki, gələn il Azərbaycanı şahmat üzrə ən mötəbər yarışlardan biri olan olimpiada gözləyir. Bütün bu yarışlar dünya şahmat ailəsinin diqqətini Azərbaycan paytaxtına yönəldəcək. Əminliklə söyləyə bilərəm ki, dünyada şahmatın inkişafında Azərbaycan özünəməxsus yer tutur. Mən 2015-ci il dünya kubokunun çox uğurlu keçiriləcəyinə və 2016-cı ildə Bakıda təşkil olunacaq 42-ci Dünya Şahmat Olimpiadası üçün mükəmməl bir sınaq olacağına tam əminəm”.

Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov yarışa hazırlıqla bağlı məlumat verərək deyib ki, Təşkilat Komitəsi tərəfindən yarışın yüksək səviyyədə keçirilməsi istiqamətində lazımi işlər aparılır. Dünya kubokunun Bakının ən gözəl məkanlarından biri olan “Fairmont” otelində keçiriləcəyi dəqiqləşib. Ölkəmizə bu yarışı işıqlandırmaq üçün Avropanın müxtəlif ölkələrindən çoxlu sayda jurnalist gələcək. İki ay əvvəl Bakıda ilk Avropa Oyunları kimi mötəbər yarış təşkil olundu. Birinci Avropa Oyunlarına nümunəvi təşkilatçılıqdan sonra şahmat üzrə dünya kubokunda məsuliyyətimiz daha da artır. Çalışırıq ki, iştirakçılar və qonaqlar yüksək təşkilatçılığın şahidi olsunlar. Şahmat həvəskarlarının marağını nəzərə alaraq dünya kubokunda oyunları internet vasitəsilə canlı yayımlamağı planlaşdırırıq. Məşhur qrossmeysterlərin təqdimatında maraqlı şərhlər şahmatsevərlərə Azərbaycan, ingilis və rus dillərində təqdim olunacaq.

Şahmat üzrə dünya kuboku turnirinin ümumi mükafat fondu 1,6 milyon ABŞ dolları təşkil edir.

Həmin kateqoriyadan