“Belə xanıma qarşı kişilərdən daha ehtiyatlı oynamaq lazımdır”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 final mərhələsinin ilk oyununda Şəhriyar Məmmədyarov çinli Hou Yifanla heç-heçə oynayıb. Allsport. az saytı xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında təmsilçimiz bunları deyib:

“Oyunun gedişində çox maraqlı vəziyyət yaranmışdı. Düşünürdüm ki, rəqib bir gediş etməklə heç-heçəyə oynayacaq. Vəziyyətə görə heç-heçə mənim üçün də rahat olardı. Amma rəqib fərqli oynadı. Bundan sonra vəziyyəti təhlükəli görürdüm. Bir sözlə, maraqlı vəziyyət idi. Rəqibim də yaxşı oynadı. Sona yaxın gördüm ki, qələbə qazanmaq üçün şans çox azdır. Bir epizodda yalandan tez oynadım ki, guya nəsə görürəm. Amma əslində heç nə görmürdüm”.

“Rəqibin xanım olmasının sənin üçün hansısa fərqi var” sualını qrossmeysterimiz belə cavablandırıb: “Baxır xanıma. Mənim rəqibim dünya çempionudu. Ən güclü qadın şahmatçısı ilə oynayıram. Belə xanım şahmatçıya qarşı kişilərdən daha çox ehtiyatlı oynamaq lazımdı”.

Qeyd edək ki, sentyabrın 15-də Şəhriyar Məmmədyarovla Hou Yifan arasında ikinci görüş keçiriləcək. Bu dəfə “Şah” ağ fiqurlarla mübarizə aparacaq. Görüş saat 15-də start götürəcək.

Həmin kateqoriyadan