“Bir-birimizi yaxşı tanıdığımızdan mübarizə görsənmədi”

“Shamkir Chess-2016” turnirinin III turunda Azərbaycan şahmatçıları Rauf Məmmədovla Eltac Səfərli heç-heçə oynayıblar. Allsport.az saytı xəbər verir ki, matçdan sonra Rauf Məmmədov oyun haqda fikirini bildirib: “Eltacla görüşümüz sönük oldu. Bir-birimizi yaxşı tanıdığımızdan mübarizə görsənmədi. Heç-heçə normal nəticədir. Səfərli fərqli debüt oynasa da, üstünlük əldə etmədi. Belədə oyun bərabər səviyyədə davam etdi”.

Rauf Məmmədov 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda da danışıb: “Şahmat Olimpiadası qrossmeysterlər üçün ən mötəbər və çətin yarışdır. Bir sıra yarışlarda Azərbaycan millisi yaxşı oynasa da medal qazanmayıb. Sonuncu Tromsö olimpiadasında belə oldu.

Norveçdə keçirilən yarışda uzun müddət lider kimi yarış cədvəlinə başçılıq etdik. Sonda isə Azərbaycan millisi yarışı 5-ci sırada başa vurdu. Bu mənada Bakı Şahmat Olimpiadası bizim üçün ikiqat önəmlidir. Çox istərdik ki, ilk medalımızı doğma şəhərimizdə qazanaq”.

Həmin kateqoriyadan