Bolqarıstanlı dünya çempionu: İndiyə qədər cəmi bir dəfə Teymura qalib gəlmişəm

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun reytinq favoriti Veselin Topalov turnirin mətbuat xidmətinə müsahibə verib. Allsport.az saytı xəbər verir ki,  o, 1\8 finalda Rusiya təmsilçisi Pyotr Svidlerə məğlubiyyətindən danışıb: “Dünya Kubokunda hər görüş çətindir. Hətta lider şahmatçı belə erkən mərhələdə turniri tərk edə bilər. Svidlerlə görüşdə səhvlərim oldu. Bəzi gedişlərin perspektivini düşünmədən qərar verdim. Məğlubiyyətimə üzülmürəm.

Hər zaman qalib gəlmək mümkün deyil. Svidler məndən əvvəl Teymur Rəcəbovu məğlub edib. Nəzərə cəhətdən Rəcəbov mənim üçün daha uğursuz rəqibdir. İndiyə qədər cəmi bir dəfə Teymura qalib gəlmişəm. Bir dəfə də o məni məğlub edib. Digər görüşlərimiz heç-heçə başa çatıb. O mənada onunla oynamaq da çətin olacaqdı. Belə reqlamentdə hər mərhələdə bir neçə şahmatçı yarışla vidalaşır. Bu dəfə mən də Dünya Kubokundan ayrılıram”.

Bolqar dünya çempionu iddiaçılar turnirində daha yaxşı çıxış edəcəyinə ümid etdiyini bildirib: “Dünya Kubokunda yaxşı nəticə qazanmaq üçün çıxış edirdim. Reytinqə görə onsuz da iddiaçılar turnirində mübarizə aparacam. Belə də FİDE qaydalarına əsasən ya qran-pri, ya da Dünya Kubokunda mütləq iştirak etməlisən. Qran-Pridə olmadığım üçün Dünya Kubokunda təmsil olunmağım mütləq idi. Sadəcə, gözəl oyun göstərmək üçün Bakıya gəlmişdim. İddiaçılar turnirinda tam fərqli hazırlıq və hədəflər olacaq”.

Dünya Kubokunun təşkilatçılığı barədə danışan Topalov şahmatçılar üçün hər cür şəraitin yaradıldığını dedi: “Təşkilatçılara təşəkkür edirəm. Dünya Kuboku tarixində ən gözəl turnirlərdən biri oldu. Sözsüz belə şəraitdə oynamaq çox xoşdur. Bakıda bir neçə dəfə olmuşam, hər dəfə xoş təəssüratlarla ayrılmışam. Bu şəhər və insanlar çox gözəldir. Gələn il Bakıda şahmat olimpiadası keçiriləcək. Fikrimcə sizdən sonra olimpiadanı təşkil etmək asan olmayacaq. Bakı növbəti dəfə nümunəvi təşkilatçılıqla hamını heyran edəcək. Bu təşkilatçılığı təkrarlamaq asan deyil”.

 

Həmin kateqoriyadan