“Böyük fasilədən sonra yenidən dünya çempionatında iştirak etmək xoşdur”

Veteran şahmatçılar arasında Azərbaycan çempionu Fikrət Sideifzadə noyabrda İtaliyada FİDE tərəfindən təşkil olunan dünya çempionatında iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, o, yarışla bağlı təəssüratını dölüşüb: “Əvvəllər veteranların yarışında iştirak etməmişəm. İlk dəfə iştirak etmək barədə qərar qəbul etdim. Uzun illərdən sonra yenidən şahmat oynamaq o qədər asan deyil.

Bu illər ərzində məşqçiliklə məşğul olmuşam. Ona görə çempionatda ciddi çətinliklə üzləşmədim. Hərçənd kifayət qədər çətin partiyalar oldu. Lütfiyar Rüstəmov, Asəf Abdullayev çox yaxşı mübarizə nümayiş etdirdi. Yeganə xanım iştirakçımız Elmira Əliyeva 4-cü yeri tutmaqla yaxşı formada olduğunu göstərdi.

Əvvəlcədən elan olunduğu kimi AŞF qalib şahmatçını və qadınlar arasında ən yaxşı nəticənin sahibini dünya çempionatına göndərəcək. Orada çox maraqlı və gərgin mübarizə gözləyirəm. Böyük fasilədən sonra yenidən qələbə uğrunda yarışmalıyıq. Dünya çempionatında iştirak etmək hər zaman xoşdur. Düşünürəm bir qədər hazırlaşmağım yaxşı olardı. Dünya çempionatı barədə proqnoz vermək düzgün olmaz”.

Beynəlxalq usta və SSSR-i idman ustası olan Fikrət Sideifzadə, sovet dönəmində altı dəfə Azərbaycan çempionu olub. 1992-ci ildən isə məşqçilik fəailiyyətinə başlayıb. Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə “Əməkdar məşqçi” və “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına layiq görülüb.

Həmin kateqoriyadan