“Bu dəfə partyada mənə heç-heçə də sərf edirdi”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1\64 final mərhələsinin görüşləri başa çatıb. Allsport.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov İran təmsilçisi İdani Puya ilə 2-nci görüşdə heç-heçə oynayıb. Ümumi nəticədə 1.5-0.5 hesabıyla qalib gələn Məmmədyarov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib:

“Dünənki qələbədən sonra bu gün oynamaq daha rahat idi. Bu dəfə partyada mənə heç-heçə də sərf edirdi. Oyunumu da buna uyğun qurmuşdum. Partiyanın başlanğıcında böyük üstünlük əldə etdim. Başqa yarış olsaydı, belə vəziyyətdə qələbəyə də oynayardım. Amma heç-heçə də sərf etdiyindən çox risk etmədim. Onsuz da 1,5: 0,5-lə 2:0-lıq qələbə arasında ciddi fərq yoxdu. Yalniz reytinqə bunun təsiri var. Bu turnirdə isə reytinq haqda düşünmürəm”.

O, digər azərbaycanlı şahmatçıların çıxışına da toxunub: “Dünən çox şey tərs getdi. Vasifin oyunu heç-heçəyə gedirdi. Rauf və Qədirin qələbə qazanacağını gözləmirdim. Çünki rəqiblərin vəziyyəti yaxşı idi. Amma Teymur Eltacın qələbə qazanacağını gözləyirdım. Partiyanın gedişatı belə düşünməyə əsas verirdi. Lakin sonradan hər şey əksinə oldu. Ümumiyyətlə, dünən bir çox nəticələri gözlənilməz saymaq olar. Bu baxımdan Gelfandın oyununu da vurğulamaq olar. 1 səhv gediş hər şeyi dəyişir”.

Şəhriyar Məmmədyarov “Növbəti mərhələdə Rafael Leitao, yoxsa Hou Yifanla qarşılaşmaq istərdiniz” sualını belə cavablandırıb: “Mənə qalsa, bu gün oyunu uduzan rəqiblə oynayardım (gülür). Amma bu, mümkün deyil. Qaliblə oynamağa məcburam. Hər iki rəqib də güclüdür. Biri qadınlar arasında dünya çempionu olub. Digəri isə mütəmadi olaraq dünya kubokunda iştirak edir. Rəqibin ciddi fərqi yoxdur. Hazırda yalnız yaxşı istirahət edib, qarşıdakı mərhələyə hazırlaşmalıyam”.

Həmin kateqoriyadan