Bu gün Rauf Məmmədov 30 yaşını qeyd edir

Bu gün məşhur şahmatçımız Rauf Məmmədov 30 yaşı yubileyini qeyd edir. Allsport.az saytı xəbər verir ki, o, 1988-ci il aprelin 26-da Bakıda hüquqşünas ailəsində doğulub. Şahmatın sirlərini 7 yaşında öyrənməyə başlayıb. Artıq 1 il sonra Moskvada qalib olub. 1998-ci ildə beynəlxalq arenada ilk böyük uğurlarını qazanan Teymur Rəcəbov, Vüqar Həşimov, Rauf Məmmədov və Qədir Hüseynovu prezident Heydər Əliyev qəbul etdi. Onların çıxışını yüksək qiymətləndirən dövlət başçısı dedi ki, bu istedadlı şahmatçılara daim dövlət qayğıcı göstərilməlidir. Uşaq, yeniyetmə və gənclər arasında 9-qat ölkə birinciliyinin qalibi olan Rauf 15 yaşında qrossmeyster olub. Türkiyədə gənclər qitə birinciliyində qələbə ona əsas milli komandanın qapısını açıb. O, burada da davam etdirib.  Kişilər arasında 5 dəfə Azərbaycan çempionu olub.

İlk yadda qalan zəfəri 2009-cu ildə Serbiyanın Novı Sad şəhərində keçirilən Avropanın ən güclü komandalarının mübarizəsində qızıl heyətlə (Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynov) qızıl medal qazanmasıdır. Rauflu yığmamız bu qələbəni 2013 və 2017-ci illərdə də təkrarlayıb.
Onun digər uğurları da var. 2009-cu ildə Texas ştatının Lubbock şəhərində 16-cı kateqoriyalı SPİCE kubokda Yuri Kuzubov və Dmitri Andreykinlə 1-3-cü yerləri bölüşdürüb. 2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olub. 2015-ci ildə Minskdə Avropa bitz çempionatında qalib gəlib. Bir il sonra Çinin Huayan şəhərində təşkil olunan IMSA Elit İntellektual Oyunlarında sürətli şahmatda qızıl medala yetişib.

Həmyerlimizin ali təhsilli hüquqşünasdır, Daxili İşlər Nazirliyinin kapitanıdır. Anası Lətifə xanım 1997-ci ildə ilk dəfə ümummilli liderin şərəfinə şahmat yarışı keçirib. Həmin ənənəvi turnir himayədarlığı ilə 2004-cü ilədək davam edib. Maraqlıdır ki, Rauf son 3 ildə ad gününü Şəmkirdə, əziz dostu Vüqar Həşimovun xatirəsinə keçirilən superturnirdə qeyd edir. 6 turdan sonra Məmmədov 3 xalla (6 heç-heçə) 6-cı yerdədir. Digər diqqət çəkən məqam, onun 3-cü turda dünya çempionu Maqnus Karlseni əsəbləşdirməsidir. Qrossmeysterimizlə xalı yarı bölən norveçli bununla barışmayaraq, oyundan sonra təşkil olunan mətbuat konfransına qatılmayıb, birbaşa mehmanxanaya yollanıb.

 

Həmin kateqoriyadan