Bu gün “Shamkir Chess-2016″nın təntənəli açılışı keçirildi

Bu gün Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess-2016” superturnirinin açılış mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki,, Şəmkirin Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə ilk çıxış edən rayonun icra başçısı Alimpaşa Məmmədov şahmat bayramı münasibətilə hamını təbrik etdi. O, belə beynəlxalq turnirin ənənə halını almasına sevindiyini və gələcəkdə də bu yarışı təşkil etməkdən məmnunluq duyacaqlarını vurğulaydı.

Gənclər və idman naziri Azad Rəhimov Vüqar Həşimovun ömrünü öz vətəninin əsgəri kimi Azərbaycanın idman şərəfini qorumağa sərf etdiyini bildirdb. O, 27 yaşınadək dünyada əsrlər boyu unudulmayacaq iz qoyub getdiyini dedi. Nazir mərhum şahmatçının özünəməxsus oyunu ilə böyük hörmət qazandığını və bunun nəticəsində müxtəlif ölkələrdən tanınmış şahmatçıların xatirə turnirinə təşrif buyurduqlarını söyləydi.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov 178 ölkəni birləşdirən qurum adından turnir təşkilatçılarına minnətdarlıq etdi. O, xatirə turnirinin FİDE təqvimində önəmli yer tutduğunu bildirdi. Qonaq mərhum şahmatçının yüksək keyfiyyətlərindən söz açdı, onun xatirəsinin uzun müddət yaşayacağını qeyd etdi.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov mərhum şahmatçımızın Azərbaycanı hədsiz dərəcədə sevən, daim qələbə uğrunda mübarizə aparan şahmatçı kimi dəyərləndirdi. O, mərhum şahmatçının bir sıra üstün keyfiyyətləri ilə Azərbaycan idmançılarına nümunə olduğunu dilə gətirdi. “Shamkir Chess-2016″da dünyanın məşhur şahmatçılarının mübarizə apardığını deyən vitse-prezident, artıq 3-cü il belə turniri təşkil etdikləri üçün Şəmkir rəhbərliyinə minnətdarlığını bildirdi.

Vüqar Həşimovun ailə üzvləri adından çıxış edən atası Qasım Həşimov belə bir turnirdə iştirak edənlərə təşəkkür etdi: “Ötən il demişdim ki, bir dəfə də keçirilsə, bu turnir ənənə halını alacaq. Artıq deyə bilərəm ki, ənənəvi turnirə çevrildi. Bu, Vüqar Həşimovun dünya şahmat tarixində iz buraxdığını göstərir. Daim mənə insanlar böyük hörmətlə yanaşırlar. Bu da məni qürurlandırır. Bilirəm ki, bu turnir ölkə rəhbərliyinin də böyük diqqətindədir”.

Turnirin baş sponsoru “Synergy Group”un icraçı direktoru Qüdrət Seyfullayev turniri açıq elan edib. Qeyd edək ki, “Shamkir Chess” ardıcıl üçüncü ildir keçirilir. Budəfəki yarışa Fabiano Karuana (ABŞ, 2804), Aniş Giri (Hollandiya, 2790), Sergey Karyakin (Rusiya, 2779), Pavel Elyanov (Ukrayna, 2765), Harikrişna Pentala (Hindistan, 2763), Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748), qadınlar arasında dünya çempionu Hou Yifan (Çin, 2663) və Azərbaycanın digər şahmatçıları Teymur Rəcəbov (2726), Eltac Səfərli (2664) və Rauf Məmmədov (2655) qatılıblar. Qalib 9 turluq mübarizə yekununda müəyyənləşəcək.

Həmin kateqoriyadan