Draqan Çeran: “Neftçi” ilə oyunun favoriti bizik”

“Simurq”un serbiyalı hücumçusu Draqan Çeran apasport.az-a müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımıxla söhbətdə, o, Premyer liqanın 13-cü turunda “Neftçi” klubu ilə qarşılaşacaqları matçdan danışıb, ümumi vəziyyəti dəyərləndirib.

– Topaz Premyer Liqasının 12-ci turunda “Neftçi” ilə qarşılaşacaqsınız. Bu qarşılaşmaya hazırsınız?
– Hamı bilir ki, “Neftçi” güclü komandadır. Biz oyunun çətinliyini dərk edirik. Qələbə üçün meydana çıxacağıq. Bu görüşdən xal götürməliyik. Amma rəqibimizin də çempionatın lideri olduğunu unutmamalıyıq.

– Statistikaya baxsaq, “Simurq” heç vaxt Zaqatalada “Neftçi”ni məğlub edə bilməyib. Bu rəqib üçün üstünlük sayıla bilər?
– Məncə, sabahkı oyunda üstün tərəf biz olacağıq. Çünki doğma meydanda, azarkeşlərimiz önündə oynayırıq. Zaqatalada oynadığımız zaman bütün oyunların favoriti bizik. Statistika heç zaman əsas deyil.

– Çempionatda yaranmış 18 günlük fasilədən necə istifadə etdiniz?
– Heç kim anlamır ki, belə uzun fasilələr nə üçün yaranıb. Artıq ikinci dəfədir ki, eyni hal baş verir. Ümumiyyətlə, bunu özümüz üçün yaxşı hesab eləmirəm. Şəxsən mənim üçün çox pisdir. İnanıram ki, qarşıdakı aylarda bu durumla yenə üz-üzə qalmayacağıq. Baxın Avropada çempionatların heç birində belə fasilə olmadı.

– Amma komandanız bundan istifadə edib çempionata daha yaxşı hazırlaşa bilər…
– Yox, elə deyil. Təsəvvür edin ki, biz çempionatda öz oyunumuzu tapırıq, ardıcıl yaxşı matçlar keçiririk və bir anda böyük fasilə yaranır. Təcrübə baxımından futbolçular da əziyyət çəkir. Ona görə də lazımsız bir şey idi.

– Son iki oyunda qələbə qazana bilməmisiniz. Ümumiyyətlə nəticələrinizdən razısınız?
– Həm AZAL-a, həm də “Xəzər Lənkəran”a qarşı oyunlarda yaxşı çıxış etdik. Əlimizə xeyli qol imkanları düşdü və bunlardan istifadə edə bilmədik. Öz qapımıza da qol vurduq. Yəni futbolda belə hallar olur. Həmişə qələbə qazanmaq mümkün deyil. Nəticələrimiz pis saymıram.

– “Simurq” bu oyunla çempionatın sonunda hansı pillədə qərarlaşa biləcək?
– Ən pis halda 3-cü pilləni tuta bilərik. Bunun üçün əlimizdən gələni edəcəyik.

– Ötən mövsüm daha çox qol vururdunuz. Amma bu il istənilən səviyyədə çıxış edə bilmirsiniz. Səbəb nədir?
– Çempionatın əvvəlində qırmızı vərəqə aldım və 4 oyunluq cəzalandım. Komandaya qayıtdım və hazırda özü oyunumu tapmağa çalışıram. Həmin 4 matç bəlkə də daha yaxşı oynamağımın qarşısını aldı. Bundan sonra komandama daha yaxşı kömək edəcəyəm.

Həmin kateqoriyadan