Fərid Abbasov: Olimpiadalarda 2 dəfə ardıcıl medal qazanmaq böyük uğurdur

Naxçıvanda 16 yaşlılar arasında ümumdünya şahmat olimpiadasında “Azərbaycan-1” komandası bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, millinin kapitanı Fərid Abbasov yarışın nəticəsi barədə fikrini açıqlayıb: “Olimpiadada 23 ölkədən ən güclü yeniyetmələr mübarizə apardı. Bu yarışda İran, Özbəkistan, Hindistan kimi güclü komandalar çıxış edirdi. O cümlədən ölkəmizin əsas komandası və Türkiyə də olimpiadada iddialılar sırasında idi. Bildiyiniz kimi, 2019-cu ildə Türkiyədə keçirilən yarışda tarixdə ilk dəfə Azərbaycan komandası çempionluq sevinci yaşadı. Amma heyət Naxçıvandakı yarışda bütövlüklə dəyişdi. Şahmatçılarımız 16 yaşı adladığına görə heyətə düşmədi. Ona görə yeniyetmələrdən ibarət komanda yenidən formalaşdırıldı.

Əsas komandamız olimpiadaya uğurlu start götürdü və uzun müddət turnir cədvəlininin yuxarı pillələrində qərarlaşdı. Bürünc medalı yaxşı nəticə hesab edirəm. Azərbaycanın 2 dəfə ardıcıl medal qazanması böyük uğurdur. 2019-cu ildə komandamız qızıl medal qazandı. Bu dəfə bürünc medala layiq görüldü. Yeni heyətlə medal qazanacağımıza çoxları inanmırdı. Naxçıvanda əldə olunan nəticə yeniyetmələrdə kifayət qədər yaxşı şahmatçıların olduğunu növbəti dəfə sübut etdi. Komandamız yumruq kimi birləşdi. Hətta ehtiyatda olan şahmatçı da komanda yoldaşlarına kömək etməklə uğurda pay sahibi oldu. Naxçıvanda medal qazanmağımız komanda mübarizəsinin nəticəsidir.

Naxçıvandan öncə şahmatçılarımız Moskvada “Botvinnik Memorialı”nda iştirak edərək ikinci yeri tutub. Heyətdə Fərid Orucov, Nərmin Abdinova kimi perspektivli uşaqlar var idi. Nərmin Abdinova Rumıniyada 14 yaşlıların dünya çempionatında beşinci oldu. Naxçıvanda isə 8 oyundan 7 xal toplamaqla öz lövhəsində ən yüksək nəticə ilə qızıl medal əldə etdi.

Qeyd etmək istərdim ki, Azərbaycan Şahmat Federasiyasının Gənclər və Yeniyetmələr üzrə komissiyası hazırlıqla bağlı təsdiqlənən proqramın reallaşması üçün lazımi köməkliyi göstərib. Hazırlıq prosesinə Rauf Məmmədov və Nicat Məmmədov kimi güclü şahmatçılar da cəlb olunub”.

Həmin kateqoriyadan