“Hər bir şahmatçı üçün Azərbaycan çempionu olmaq böyük şərəfdir”

Ölkə çempionatında fərqlənən kişi və qadın şahmatçılar federasiya tərəfindən mükafatlandırılıblar. Allsport.az saytı xəbər verir ki, AŞF-in vitse-prezidenti Mahir Məmmədov, rəqabətin ilbəil daha artdığını bildirib: “Şahmat üzrə Azərbaycan çempionatı zəngin tarixə malikdir. İlk çempionat 1934-cü ildə təşkil olunub. Yüzə yaxın yaşı olan çempionatda qalib olan şahmatçılar adını şahmat tariximizə yazıb. Hər bir şahmatçı üçün Azərbaycan çempionu olmaq böyük şərəfdir.

Müstəqilliyin ilk illərindən sonra Azərbaycan çempionatı bir qədər diqqətdən kənarda qaldı. Azərbaycan Şahmat Federasiyası son illər yarışın nüfuzunu artırmaq üçün mühüm addımlar atır. Həm kişilərin, həm də qadınların çempionatında mükafat fondu artırılıb. Eyni zamanda milli komandanın bütün üzvlərinin yarışda iştirakını təmin etməyə səy göstəririk.

Birinci liqada keçirilən yarışın qalibi böyüklərin Azərbaycan çempionatına vəsiqə qazanır. Kişilərin yarışında çempion olan şahmatçı milli komandaya vəsiqə əldə edir. Federasiya gələcəkdə də ölkə çempionatının yüksək səviyyədə təşkili üçün lazımi işləri həyata keçirəcək. Sonda bir daha qalibləri və mükafatçıları təbrik edirəm. Martda şəxsi Avropa çempionatında iştirak edəcək şahmatçılarımıza uğurlar arzulayıram”.

Həmin kateqoriyadan