Heydər Əliyevin 100-illiyinə silsilə şahmat tədbirləri

2023-cü il mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Allsport.az saytı xəbər verir ki, Azərbaycanda zəngin tarixə malik şahmatın inkişaf strategiyasının əsası ötən əsrin 70-ci illərində onun tərəfindən qoyulub. Respublikanın 1-ci katibi şahmatın inkişafını daim diqqət mərkəzində saxlayıb. Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikada ilk şahmat məktəbləri inşa olunub, istedadlı şahmatçılara müxtəlif yarışlarda iştirak etmək üçün şərait yaradılıb. Onun qayğısı və dəstəyi sayəsində dünya idmanına Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və digər nəhəng şahmatçılar bəxş olunub.

Bildiyiniz kimi, ölkə başçısı İlham Əliyev ötən il 22 sentyabrda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Azərbaycan Şahmat Federasiyası“Heydər Əliyev İli”nə həsr olunan geniş tədbirlər planını təsdiqləyib. Federasiya il ərzində paytaxt Bakıda və digər şəhərlərdə Heydər Əliyevin 100-illiyinə həsr olunan yerli və beynəlxalq turnirlər təşkil edəcək.

Silsilə tədbirlər sırasında Bakıda və digər regionlarda 100 lövhədə eyni anda seanslar, rapid yarışlar, tanınmış azəraycanlı şahmatçıların gənclərlə görüşü, beynəlxalq OPEN turniri və digər tədbirlər daxil edilib.
Azərbaycan şahmat federasiyası ölkədə fəaliyyət göstərən şahmat məktəblərinə qədim oyunla bağlı ləvazimatların təqdim olunmasına başlayıb. Artıq Quba və Bakının bir neçə məktəbinə müvafiq şahmat vəsaitləri hədiyyə olunub.

Həmin kateqoriyadan