İbrahim Şehiç: “Bu, mənim üçün əsl sürpriz oldu”

“Qarabağ”ın bosniyalı qapıçısı İbrahim Şehiç azerisport.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Antalya toplanışı necə keçir?
– Mövsümün qalan dövrünə yaxşı hazırlaşmaq üçün 20 günümüz var. Hamımız birgəyik və zədəsiz hazırlaşırıq. Çempionatın üçüncü dövrəsinə yaxşı start vermək istəyirik. Ötən il olduğu kimi, yenə də birinci yeri tutmaq üçün oynayırıq. Hədəfimiz də hər bir oyundan qalib ayrılmaqdır. “Qarabağ” Azərbaycanda xüsusi klubdur. İşğal altında olan bir bölgəni təmsil edirik. Bu üzdən bütün azərbaycanlılar üçün komandamız xüsusi əhəmiyyətə malikdir. Bunu Milandakı, Kiyevdəki, Sent-Etyendəki oyunlarımız zamanı bir daha gördük. Böyük məsuliyyət daşıdığımızı gözəl başa düşürük.

– Artıq bir ildir komandadasınız. “Qarabağ”ın xüsusiliyi nədədir?
– Müxtəlif ölkələrdə, klublarda oynamışam. Amma onların arasında “Qarabağ” doğrudan da xüsusi yer tutur. Bunda baş məşqçi amilinin də öz yeri var. O, komandada həmişə dostluq, mehribanlıq ab-havası yaratmağa çalışır. Qurban Qurbanovdan böyük enerji alırıq. Fikrimcə, onun rəhbərliyi altında biz daha yaxşı nəticələr əldə edə biləcəyik.

– Növbəti çempionluq üçün oynasanız da, bu, asan başa gəlməyəcək…
– “Qarabağ”ın əsas rəqibi “İnter”dir. Onların sabit heyəti, yaxşı baş məşqçisi var. “Neftçi” də yaxşı rəqibdir. “Qəbələ”ni də qeyd edərdim. Prinsipcə, bütün rəqiblərimiz bizim üçün təhlükəlidir. Bu üzdən də yaxşı hazırlaşmalıyıq.

– Mövsüm 10 komanda ilə başlasa da, hazırda cəmi 8 rəqibiniz var…
– Oynadığım ölkələrdə hələ heç vaxt mövsümün gedişi zamanı hansısa komandanın çıxışını dayandırdığını görməmişdim. “Araz Naxçıvan”ın çıxışını dayandırması mənim üçün sürpriz oldu. Bu, heç də yaxşı olmadı. Onlarda nə baş verdiyini bilmirəm. Görünür, hansısa səbəbləri varmış.

– Yəqin ki, “Qarabağ”da hələ də Milan “İnter”i ilə oyunda baş verənləri unudan yoxdur…
– Həmin oyun yadıma düşəndə çox pis oluram. Son dəqiqədə qol vururuq, hamı sevinir, amma sonra hər şeyin korlandığı üzə çıxır. Hakimin niyə elə etdiyini bilmirəm. Türkiyədə belə olanda “qismət” deyirlər. İnanıram ki, biz yenidən Avropa arenasına qayıda biləcəyik.

– Çempionlar Liqasının qrup mərhələsində oynamaq haqda düşünürsünüz?
– “Qarabağ”la yeni 3 illik müqavilə imzalamışam. Əsas səbəb də Çempionlar Liqasında oynamaqdır. Bu, mənim arzumdur. Fikrimcə, komanda yoldaşlarım, azarkeşlərimiz, hər kəs bunu arzu edir. Kim istəməzdi ki, doğma meydanımızda “Real”, “Bavariya” kimi klubları qəbul edək? Hazırda inşası davam edən stadionumuz da hazır olacaq. İnanıram ki, həmin kompleksdə bir dənə də boş yer qalmayacaq. Mən buna nail olacağımıza inanıram. Bu il də olmasa, növbəti illərdə biz belə bir uğura imza atacağıq. Hər şey mərhələ-mərhələ həyata keçir.

– Yeni ildə Bosniya və Herseqovina yığmasından dəvət gözləyirsiniz?
– Əvvəllər yığmamızın formasını geyinmişəm. İndi komandaya Mehmet Bajdareviç rəhbərlik edir. Hansı ki, o, bütövlükdə Yuqoslaviya futbolunun əfsanələrindən hesab olunur. O, mənim nəyə qadir olduğumu yaxşı bilir. Təyinatından sonra görüşümüz də olub. Klubdakı işlərimlə maraqlanıb. Mənim işim isə “Qarabağ”ın hər oyununda özümü yaxşı tərəfdən göstərmək və yaxşı formada olmaqdır.

– Bir balkanlı olaraq, yığmamızın yeni baş məşqçisi Robert Prosineçki barədə nə deyə bilərsiniz?
– Bildiyim qədərilə o, az qala 24 saatın hamısını işə həsr edən biridir. Onun futbola baxışı ilə tanışlığım var. Prosineçki gənc mütəxəssisdir və Azərbaycan yığmasının oyunçularının mentalitetini dəyişməyə çalışacaq.

– Bakıya alışa bilmisiniz?
– Bakı müasir, təhlükəsiz şəhərdir, çoxlu kafe və restoran var. Bu şəhəri çox sevirəm. Həmişə anamla birgə yaşamışam. Burada da heç bir problemimiz yoxdur. Azarkeşlərlə də çox gözəl münasibətim var. Onlar bizə hörmət edirlər. Bakını sevməmək üçün heç bir səbəbim yoxdur. Fikrimcə, 5 ildən sonra Azərbaycanın paytaxtı daha möhtəşəm olacaq.

– Azərbaycanlılarla bosniyalılar arasında oxşarlıqlar var?
– Xeyr. Mentalitet baxımından böyük fərqlər var. Azərbaycanda qadınlara, yaşlılara böyük hörmətin olması xoşuma gəlir.

Həmin kateqoriyadan