İcraiyyə komitəsinin iclasında hansı qərarlar verildi?


Noyabrın 3-də Azərbaycan şahmat federasiyasında icraiyyə komitəsinin növbəti iclası baş tutub.
Allsport.az xəbər verir ki, AŞF-nin prezidenti Mahir Məmmədovun sədrliyi ilə keçirilən iclasda icraiyyə komitəsinin üzvləri – AŞF-nin I vitse-prezidenti Faiq Həsənov, vitse-prezident Seymur Talıbov, Sərxan Həşimov, Cahangir Ağarəhimov, Aynur Sofiyeva, Elnur Əliyev o cümlədən baş katib İlahə Qədimova, müxtəlif komissiyaların, şöbələrin rəhbərləri və məşqçilər iştirak edib.

İclasda 2024-cü ilin təqvim planı müzakirə edilərək təsdiq olunub. AŞF-nin rəhbəri Mahir Məmmədov şahmatçıların klassik şahmatda təcrübə azlığının milli komandaya təsirindən danışıb. Milli komandanın heyətini müəyyənləşdirərkən yeni qaydalar barədə fikir mübadiləsi aparılıb. Yekunda 1 noyabr 2023-cü il – 1 iyul 2024-cü il tarixlərini əhatə edən müddət ərzində milli komanda üzvləri üçün minimum 18 klassik şahmat partiyasında iştirakla bağlı şərt qəbul edilib.
Qadınlar arasında milli komandanın məşqçisi Yevgeni Tomaşevski qarşıdan gələn Avropa çempionatına hazırlıq barədə hesabatla çıxış edib və icraiyyə komitəsinin üzvlərini maraqlandıran suallara cavab verib.
Ardınca Mahir Məmmədov milli komandalara lazımi şəraitin yaradıldığını bildirib. O, milli komandalarla işləmək üçün bu sahədə təcrübəsi olan psixoloqlara ehtiyac olduğunu söyləyib.
Komitənin üzvü Aynur Sofiyeva uşaq və qadın sığınacaqlarında şahmat dərslərinin keçilməsi və bölgələrdə istedadlı uşaqların seçilməsi üçün onlayn şahmat məktəbinin yaradılması ilə bağlı təklif irəli sürüb. Federasiyasının onlayn şahmat məktəbinin konsepsiyasının hazırlanması üçün müvafiq tapşırıqlar verilib.

Həmin kateqoriyadan