“İnanıram ki, Tokio-2020-də ölkəmizi şose velosipedində təmsil etməyə nail olacağıq”

“Hazırda bütün milli federasiyalar Tokio-2020 oyunlarına vəsiqə qazanmaq üçün lisenziya xalları uğrunda mübarizə aparır. Mövsümün oktyabrın 22-də bağlanacağını nəzərə alsaq, son bir neçə günün idmançılar üçün necə əhəmiyyətli olduğunu deməyə ehtiyac yoxdur. Təbii ki, Azərbaycan yığma komandası olaraq biz də dördilliyin zirvə yarışında təmsil olunmağı çox istəyirik. Komandamız bunun üçün ciddi mübarizə aparır”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Malayziyada keçirilən “Tour of Peninsular” veloturunda uğurla çıxış edən Elçin Əsədov deyib. Velosipedçimiz bildirib: “Oktyabrın 12-13-də Türkiyədə keçirilmiş yarışlarda 85 lisenziya xalı topladıq. Oradan birbaşa Malayziyaya yollandıq. Təxminən bir gün yolda olduqdan sonra yarış keçirilən ölkəyə gecə çatmaq, səhər isə starta çıxmaq nə qədər çətin olsa da, məqsədimiz, amalımız uğrunda sonadək çalışacağımıza həm özüm, həm də komanda yoldaşlarım adından hamını əmin etmək istəyirəm. Çox sevinirəm ki, 2.1 kateqoriyalı yarışın ağır mərhələsinin qalibi oldum və liderliyi də ələ keçirdim. Komanda yoldaşlarıma, baş məşqçimizə və texniki heyətə dərin təşəkkürümü bildirirəm. Biz bir komandayıq və təbii ki, bu uğur təkbaşına qazanıla bilməzdi”.

Malayziya veloturunun birinci mərhələsində qalib gəldiyi günün – 15 oktyabrın Azərbaycan üçün əlamətdar olduğunu vurğulayan idmançı deyib: “2003-cü ilin məhz bu günündə İlham Əliyev ümumxalq səsverməsi nəticəsində prezidenti seçilib. Mən həmin gün qazandığım qələbəni ümummilli lider Heydər Əliyevin bizə əmanət etdiyi müasir müstəqil Azərbaycanı bugünkü yüksəkliklərə qaldırmış ölkə başçımıza həsr edirəm. İnanıram ki, biz də öhdəmizə düşən vəzifəni yerinə yetirərək Tokio-2020 olimpiadasına Azərbaycanı şose velosipedi yarışında təmsil etməyə nail olacağıq”.

Həmin kateqoriyadan