Kamal Qurbanov: “Neftçi”nin əsas heyətində möhkəmlənməyə çalışacağam”

Avstriyada hazırlığını davam etdirən “Neftçi” PFK-nın gənc futbolçusu Kamal Qurbanov klubun rəsmi saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Kamal “Neftçi”nin əsas heyətində ilk dəfə təlim-məşq toplanışına qatılmısan. Fikirlərin maraqlı olardı.
– Son bir ildə “Neftçi”nin əvəzedici heyətində oynayırdım. Məşqçilər heyəti mənə inandı və əsas heyətlə təlim-məşq toplanışına qatıldım. Burada hazırlıq keçmək üçün hər bir şərait var. Çalışıram ki, əsas heyətdə möhkəmlənim.

– Macarıstanın MTK klubuna qarşı yoxlama oyununda ilk dəfə meydana çıxdın.
– Yoxlama oyunları bizim üçün çox vacibdir. Çatışmayan cəhətlərimizi görürük, səhvlərimizi düzəldirik. Macarlarla oyunda qol vəziyyətlərindən yararlana bilmədik və onlar da bizim səhvlərimizdən maksimum istifadə etdilər. İnanıram ki, oyundan-oyuna daha yaxşı olacaq. Öz çıxışım haqqında danışmaq istəməzdim. Bunu məşqçilər heyəti daha yaxşı bilir.

– Bu futbolçuların bir çoxu ilə əvəzedici komandada oynamısan. Demək olar ki, heyət sənə yad deyil…
– Düzdü, Rahil, Mirabdulla, Orxan, Kamran və Maksimlə əvəzedici komandada çiyin-çiyinə oynamışam. Dünənki matçda da bir-birimizi yaxşı başa düşürdük. Amma ilk oyunun da həyəcanı vardı.

– “Neftçi” Azərbaycanın ən köklü klubudur və komanda hər mövsüm böyük hədəflər üçün oynayır. Yəqin ki, bu məsuliyyəti ikiqat artırır.
– “Neftçi” ölkə futbolunun flaqmanıdır. Bu klubda oynayırsansa məsuliyyət hissi daim səninlə olmalıdır. Qarşıda yoxlama oyunları və avrokubok matçları var. Bu qarşılaşmaların hər birində yalnız qələbə qazanmaq istəyirik. Təbii ki, əsas heyətdə möhkəmlənmək və komandamıza faydalı olmaq üçün daha çox çalışmalıyıq.

Həmin kateqoriyadan