Karuana: “Raufla görüşlərdə favorit göstərilməyim düzgün olmaz”

Bu gün Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/32 final mərhələsinə start veriləcək. Allsport.az xəbər verir ki, azərbaycanlı şahmatçı Rauf Məmmədov ABŞ-ı təmsil edən italyan əsilli Fabiano Karuanayla üz-üzə gələcək. Qrossmeyster, Dünya Kubokunun mətbuat xidmətinə açıqlamasında yarışla və rəqibiylə bağlı danışıb:

“Azərbaycanda əvvəllər də olmuşam. Apreldə Şəmkirdə keçirilən turnirdə böyük həvəslə iştirak etdim. İndi isə paytaxt Bakıda Dünya Kubokunda mübarizə aparmaqdan məmnunam. Təşkilatçılıqdan razıyam. Xüsuslə turnirin keçirildiyi oteli qeyd etməliyəm. “Fairmont” çox gözəl dizayna malikdir. Dünya Kubokuna gəlincə, ilk mərhələdə asan qələbə qazandım. Tunis idmançısı Amir Zaibiylə oynamaq çətin olmadı. Bununla belə çətin görüşlərin irəlidə olduğunu bilirəm”.

Karuana 1/32 finaldakı rəqibi Rauf Məmmədov haqda bunları deyib: “Favorit göstərilməyim düzgün olmaz. Dünya Kubokunda favorit yoxdur. Reytinq çox şeyi həll etmir. Digər tərəfdən, Rauf Dünya Kubokunda zəif rəqib olmadığını əvvəlcədən bilirdi. Mənim yerimə başqa reytinqli şahmatçıyla üz-üzə gələ bilərdi. Turnirin reqlamenti belədir ki, ikinci mərhələdən etibarən güclü şahmatçılarla oynamalısan.

Məmmədovla iki dəfə müxtəlif turnirlərdə mübarizə aparmışıq. 2012-ci ildə ilk dəfə rəqib olmuşuq. Bu ilin aprelində isə Şəmkirdə oynamışıq. Yaxşı şahmatçıdır. Ona görə hər ikimiz üçün çətin olacaq”.

Dünya 5-cisi olan Fabiano Karuana yüksək reytinqinə görə, çempionluğa iddiaçıların turnirinə vəsiqə qazanacaq. Bununla belə o, Dünya Kubokunda da uğur qazanmaq niyyətindədir: “Reqlamentə əsasən Dünya Kubokunda finalçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcək. Sözsüz, yüksək reytinqimə görə iddiaçılar turnirində təmsil olunacağım dəqiqdir. Amma Bakıda da qələbə qazanmaq istəyirəm. İştirak etdiyim hər turnirdə qalib gəlmək xoşdur. Mümkün qədər irəli getmək və Dünya Kubokunda yaxşı nəticə qazanmaq arzusundayam”.

Dünya Kubokunun mətbuat xidməti

Həmin kateqoriyadan