Kayak və kanoeçilərimizdən zəif nəticə

Kayak və kanoeçilərimizdən zəif nəticə

Bolqarıstanın Plovdiv şəhərində 18 və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanı adı 2-ci çəkilən yaş qrupunda 3 idmançı təmsil edib. Kanoeçi Aleksey Kupin 500 metr məsafəyə seçmə yürüşdə finişə 1 dəqiqə 57,984 saniyəyə çataraq 7-ci olub.

Yarımfinalda məsafəni daha tez (1:52.112) qət edən Aleksey 5-ci yeri tutub. Ancaq ilk “3-lüy”ə düşmədiyindən finala vəsiqə qazana bilməyib. O, 1000 metr məsafəyə yürüşdə 4 dəqiqə 26,380 saniyəlik nəticə göstərərək yarımfinala adlayıb. Növbəti çıxışında 1 km-i 3 dəqiqə 59,792 saniyəyə başa vuran Kupin 7-ci olub və finala yüksələ bilməyib.

Digər kanoeçimiz Nikita Sablin seçmə mərhələdə 200 metr məsafəni 42,218 saniyəyə qət edərək ilk “5-liy”i qapayıb. Yarımfinalda daha erkən (40,228) finişə çatsa da, yenə 5-ci olub və finalda iştirak hüququnu itirib.

Kayakçı Tamerlan Mustafayev 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 45,580 saniyəlik göstəriciylə ilk “5-liy”i qapayıb. Yarımfinalda bu məsafəni 1 dəqiqə 42,024 saniyəyə başa vuran həmyerlimiz 6-cı yeri tutub və “B” finalına yüksəlib. Sonuncu çıxışında 1 dəqiqə 45,980 saniyəlik nəticə onu ümumi sıralamada 15-ci edib.

Mustafayev 200 metr məsafəyə seçmə yürüşdə 38,123 saniyəlik nəticəylə 7-ci yeri tutaraq yarımfinala vəsiqə qazanıb. Tamerlan növbəti yürüşdə həmin məsafəni 37,060 saniyəyə qət edərək 8-ci olub və mübarizəni dayandırıb.

Həmin kateqoriyadan