“Uşaq atletikası”nda 45 nömrəli məktəb 1-ci olub

Bu gün ümumilli lider Heydər Əliyevin 100 illiyinə uşaq atletikası üzrə yarış keçirilib.

Allsport.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Azərbaycan atletika federasiyasının prezidenti Cavid Qurbanov uşaqların atletika ilə məşğul olaraq aktivliyinin artırılmasına yönəlmiş bu cür layihələrin mühüm əhəmiyyət kəsb etdiyini və gələcəkdə daha geniş miqyasda keçirilməsinin vacib olduğunu bildirib.

MOK-un vitse-prezidenti, olimpiya çempionu Zemfira Meftəhəddinova və gənclər və idman nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva çıxışlarında uşaqların böyük idmanda ilk addımları olan “Kids athletiks” layihəsinin gələcək çempionların yetişməsi yolunda xüsusi önəm kəsb etdiyini vurğulayıblar.

Yarışda milli olimpiya komitəsinin OCEP proqramına daxil olan 6 məktəbin təmsilçiləri – hər birindən 8 nəfər olmaqla ümumilikdə 48 şagird iştirak edib.

Komanda şəklində keçirilən və proqramına qaçış, tullanma, atma və estafet növləri daxil olan yarışın qalibi 45 nömrəli məktəbin təmsilçiləri olub.

238 nömrəli məktəbin komandası 2-ci yeri tutub. 60 və 171 nömrəli məktəbin komandaları isə 3-cü pillədə qərarlaşıblar.

Sonda bütün iştirakçılara diplom və hədiyyələr təqdim edilib.

Həmin kateqoriyadan