Kirsan İlümjinov: “Şəmkir turniri yəqin ki, 2015-ci ilin ən güclü turniridir”

“Azərbaycanın qərbində yerləşən kiçik Şəmkir şəhəri keçən il qəflətən vəfat etmiş tanınmış Azərbaycan qrossmeysteri Vüqar Həşimovun şərəfinə keçirilən şahmat turniri ilə bütün dünyada tanınıb. Artıq ikinci dəfədir ki, bu turnir dünya şahmatının bütün elitasını bir araya gətirir”.

Allsport.az xəbər verir ki, bu sözlər “Rossiya 24” televiziya kanalının Vüqar Həşimovun xatirəsinə keçirilən şahmat turnirinə həsr olunmuş süjetində səslənib. Süjetdə qeyd edilir ki, şahmat üzrə superturnirin tərkibi çox sanballıdır: indiki dünya çempionu Maqnus Karlsen, iki eks-çempion – Vişvanatan Anand və Vladimir Kramnik. Müəlliflərin fikrincə, bir turnirdə üç dünya çempionunun iştirakı böyük təşkilatçılıq uğurudur.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov əminliklə bildirir: “Keyfiyyətli heyətinə görə bu turnir yəqin ki, 2015-ci ildə FİDE-nin keçirdiyi ən güclü turnirdir”.

Süjetdə qeyd olunduğu kimi, keçən il də turnir Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçirilib. Turnirin qalibi Maqnus Karlsen olub. Norveç vunderkindi üçün bu qələbə uğurlu mövsümə başlanğıc nöqtəsi olub. Bir neçə aydan sonra o, dünya şahmat tacı uğrunda mübarizədə Hindistan şahmatçısı Vişvanatan Ananda qalib gəlib. Şəmkirdə rəqiblər artıq birinci raundda qarşılaşıblar.

Şahmat üzrə 15-ci dünya çempionu Vişvanatan Anand deyir: “Maqnusla görüş mənim üçün həmişə prinsipialdır, biz keçən il Soçidə qarşılaşmışdıq, ümidvaram ki, revanşa nail ola biləcəm”. On gün dünya şahmat ictimaiyyətinin diqqəti Şəmkirə yönələcək. Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov qeyd edib ki, 230 min nəfər əhalisi olan bu kiçik şəhər bütün dünyada tanınıb.

Həmin kateqoriyadan