- Baxış sayı: 42
- 17 İyul 2025 21:42
- Baxış sayı: 176
- İyul 17, 2025
- 0
İyunun 29-da Əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Qurbanovun vəfatından 40 gün keçir. Allsport.az saytının məlumatına görə, bu münasibətlə mərhumun ailəsi, yaxınları, dostları, olimpiya mükafatçıları və idman xadimləri onun 2-ci Fəxri xiyabandakı məzarını ziyarət ediblər, önünə gül dəstələri qoyublar, əziz ruhuna “Fatihə” oxuyublar, dünyaca məşhur güləş ustadının uğurlu idman həyat hekayə barədə nitq söyləyiblər. Sonra mərhumun qardaşı – uzun illər Azərbaycan idman akademiyasında “Güləşmə və onun metodikası” kafedrasına rəhbərlik etmiş, Milli idman növləri assosiasiyasının ilk prezidenti Xanlar Qurbanovun abidəsinin önünə güllər düzülüb, onun xatirəsi anılıb.
Cavanşir Qurbanov 6 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Xızı-Bərmək mahalının qədim Xələnc kəndinin pəhləvanlar nəslindəndir. Atası Kazım Pənah oğlu Qurbanov Böyük Vətən müharibəsinin iştirakçısı olub.
Cavanşir Qurbanov idmana erkən yaşlarında, güləşə olan böyük sevgisi ilə gəlib. İki gündən sonra 7-ci onilliyi başlanacaq böyük həyat yolunun güləşə həsr olunmuş hissəsi uzun bir dövrü əhatə edir. Güləş xalçası üzərinə ilk dəfə 1962-ci ildə Ordu İdman Klubunda çıxıb. 4 ildən sonra artıq idman ustası normasını yerinə yetirib. Dəfələrlə Azərbaycan çempionu olub, ümumittifaq və beynəlxalq turnirlərdə mükafata layiq yer tutub.
1972-ci ildə Xalq təsərrüfatı institutunu (indi İqtisadiyyat universiteti) bitirib. Amma özünü idmandan ayrı təsəvvür etməyib, idman sahəsi üzrə ali təhsil almaq üçün Bədən tərbiyəsi institutuna (indi-ADBTİA) daxil olub. Təhsilini davam etdirməklə yanaşı, Bakı xalq maarifi şöbəsinin güləş idman məktəbində məşqçi, eləcə də məktəbin müdiri vəzifəsində çalışıb. Məktəbə rəhbərlik etdiyi 1990-cı ilə qədər orada sərbəst güləş üzrə SSRİ, dünya və Avropa çempionu Xəzər İsayev, yunan-Roma güləşi üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Natiq Eyvazov, Avropa çempionatının gümüş mükafatçısı Azad Əliyev, gənclər arasında SSRİ birinciliklərinin qalibləri Tapdıq İsmayılov, Seymur Kərimov, Bayram Abdullayev, Əfqan Məmmədov, Həmid Rəsulov, Bəhruz Məmmədov kimi tanınmış pəhləvanlar yetişib. Onun özünün şəxsi məşqçilik fəaliyyətinin məhsulu 10-a yaxın idman ustası və müxtəlif dərəcəli idmançılardır. Onların arasında 2003-cü ilin sərbəst güləş üzrə bürünc mükafatçısı, Afina olimpiadasında 5-ci olmuş Rüstəm Ağayevi xüsusi qeyd etmək lazımdır.
1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü olub. 1995–2006-cı illərdə Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti olub. Onun federasiyanın 1-ci vitse-prezidenti kimi fəaliyyət dövrü Azərbaycan güləşinin şanlı səhifələrini təşkil edir. Bu illər ərzində pəhləvanlarımız, 2 qızıl və 1 gümüş olmaqla, 3 olimpiya medalına sahib olublar. 2003-cü ildə ABŞ-da keçirilən dünya çempionatında Arif Abdullayev 17 il sonra sərbəst güləşdə baş mükafata yiyələnib. 2004-cü ildə sərvəst güləş millisi Bakıda keçirilən Dünya Kubokunda baş mükafata sahib çıxıb.
2006-cı ildən 2017-ci ilə qədər AFG-in regionlar üzrə vitse-prezidenti olmuşdur. İşlədiyi dövr ərzində Respublikamızda güləşçilərin hazırlanmasında, onların yüksək nailiyyətlər əldə etməsində əməli və praktiki köməklik göstərib. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.
Cavanşir Qurbanovun əməyinə verilən qiymət yuxarıda sadaladığımız fəxri adlarda öz əksini tapıb. Beynəlxalq Güləş Federasiyası da, ölkəmizdə güləşin inkişafına verdiyi töhfələrin əvəzində, onu özünün qızıl medalına layiq bilib. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında o vaxtkı FİLA prezidenti Rafael Martinetti daha bir mükafatı – Senatorlar klubunun qızıl medalını ona təqdim edib.
Azərbaycan güləş federasiyasında bacarıqlı kadrları olub. Onlardan biri yaxın dostu Xosrov Cəfərovun oğlu Əjdərdir. O, hakimlər kollegiyasına sədrlik etdiyi dövrdə (2009-2011) ciddi nizam-intizam yaratmış, referilərin nüfuzunu və çəkisini qaldırmışdır. Sinqapur-2010 yeniyetmələrin olimpiadasında və London-2012 yay olimpiya oyunlarında ədaləti qoruyub. Əjdər Cəfərov AGF-də baş katib işlədiyi dönəmdə (2011-2016) Nanjin-2014 yeniyetmələrin olimpiya oyunlarına 5 mümkün vəsiqənin hamısına yiyələnən komandamız, Çində 3 qızıl və 2 gümüş medal qazanıb. Sözsüz ki, ölkə idman həyatında ən yadda qalan hadisə London-2012 yay olimpiya oyunlarıdır. Gənc baş katibin qurduğu proqram artıqlaması ilə öz bəhrəsini verdi: 2 qızıl, 2 gümüş və 3 bürünc medal. Bu nəticə nəinki güləş, müstəqillimizin olimpiya oyunları tarixinin ən yüksək uğurudur.
Cavanşir Qurbanov Təfəkkür universitetinin “Bədən tərbiyəsi və idman kafedrasının” müdiri, professoru olub. 2020-ci ildən Yasamal rayon Ağsaqqallar Şurasının sədri olub.
“Fəxri bədən tərbiyəsi və idman işçisi”, xalq maarifi əlaçısı olan Cavanşir Qurbanov, Azərbaycan prezidenti İlham Əliyevin 05 mart 2008-ci il tarixli sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. 70 illik yubileyi mübasibəti və ölkə idmanında roluna görə ölkə başçısı İlham Əliyev onu “2-ci dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edib. “Heydər Əliyevin 100-illiyi” yubiley medalı və 2025-ci ildə “Azərbaycan respublikası prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Professorun idman nəzəriyyəsi və tədris metodikası sahəsindəki yarıdıcılığı da təqdirəlayiqdir. İndiyə kimi onun qələmindən 20-yə yaxın elmi məqalə və metodiki vəsait çıxıb.
Cavanşir Qurbanovun 3 övladı, 7 nəvəsi var.
O, 21 may 2025-ci ildə vəfat edib. Onun dəfni böyük izdihamla keçib. Nəşi xeyli məsafədə Yasamal qəbirsandığının girişinə qədər piyada aparılıb. Cavanşir müəllim dövlər üçün, çalışdığı sahədə böyük faydalar verib. Bu illər ərzində o qədər insana yaxşılıq edib ki, mərasimdə iştirak edənlərin hamısı onun cənazəsini çiyinlərində aparmaq istəyiblər. Əgər oğlanları Samirlə Cəlal imkan versəydilər, insanlar Qurd qapısının başına qədər onu əllərində daşıyardılar. Cavanşir müəllim bax belə hörmət və rəhmət qazanmışdı! Cümə axşamıları, dünyadan köçməsinin 1 ay tamamı mərasimlərində də iynə atsaydın, yerə düşməzdi…