Məhəmmədrəsul Məcidov: Bilirəm ki, İvan Dıçko mənimlə döyüşə çox güclü hazırlaşıb

Rioda keçirilən olimpiya oyunlarında Azərbaycan boks millisinin üzvü Məhəmmədrəsul Məcidov (+91 kq) mərakeşli rəqibi Məhəmməd Arjauya 3:0 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib. İlk döyüşündən sonra boksçumuz idman.com.az-ın yarış yerindən məxsusi sualları cavablandırıb. Allsport.az saytı sizi həmin açıqlama ilə tanış edir.

– İlk döyüşün təəssüratları necədir?
– Bu olimpiadada ilk döyüşüm idi. İlk döyüş həmişə ağır keçir. Əzələlər tam açılmamışdı. Amma fikrimcə, növbəti döyüşlərim bundan da yaxşı olacaq.

– Komanda yoldaşlarının çıxışları barədə nə deyə bilərsən?
– Komandamız çox gözəl start götürüb. Yalnız 49 kq çəkidə bəxtimiz gətirmədi. O yaxşı gəncdir. Rəqibi də güclü idi. Sadəcə bəxti gətirmədi. Həm də gəncdir və böyük idmanda elə də təcrübəsi yoxdur. Fikrimcə, komanda hesabında birinci yeri tutmağa gücümüz var.

– Növbəti rəqibini tanıyırsan?
– Bəli. Növbəti rəqibim Qazaxıstan idmançısısı İvan Dıçkodur. O mənim köhnə rəqibimdir. O çox güclü, çox hündür idmançıdır. Onunla döyüşmək mənim üçün çətin olacaq. Bilirəm ki, mənimlə döyüşə çox güclü hazırlaşıb. Amma hər şeyi rinq göstərəcək. Bu idmandır. Biz onunla həmişə dostluq edirik. Əlaqə saxlayırıq. Amma rinqdə dostluq olmur. Mən İvanla finalda döyüşmək istərdim. İkinci döyüşü onunla keçirəcəyimə təəssüf edirəm. Ona görə yox ki, mən ondan qorxuram, ya da o məndən. Sadəcə mən iki dəfə onunla döyüşmüşəm və yolunu kəsmişəm. Bu dəfə də çalışacağam onun yolunu kəsim. Təəssüf ki, püşkə əsasən başqa variantım yoxdur. Hər kəs özü üçün döyüşür.

– Bir də bayaq xarici jurnalistlərlə ingilis dilində yaxşı danışdığını gördüm. (Xarici jurnalistə müsahibə verərəkən tərcüməçi könüllünün düzgün başa salmadığını görüb özü müxbirlə ingilis dilində danışmağa başladı-red).
– Mən yaxşı deməzdim. Amma danışa bilirəm. Hərdən jestlərdən də istifadə edərək vəziyyətdən çıxa bilirəm. İngilis dilini bu yarışlarda iştirak edə-edə öyrənmişəm. İdmanın mənə gətirdiyi faydalardan biri də budur.

– İlk döyüşünü gənclər və idman naziri də izləyirdi.
– Bu mənim üçün çox xoş oldu. Gənclər və İdman naziri Azad Rəhimovu tribunada görəndə mənim əhval-ruhiyyəm yüksəldi. Daha da ruhlandım. Nazir müavini İsmayıl İsmayılov və federasiyamızın vitse-prezidenti Süleyman müəllim də burda idilər. Ona görə də, bu qədər insanların qarşısında mən uduza bilməzdim. Mən öz ölkəmlə fəxr edirəm və həmişə Azərbaycanın şərəfini layiqincə qorumağa çalışacağam.

Həmin kateqoriyadan