Məmmədyarov “Reykyavik Open 2015” turnirinin reytinq-favoritidir

Mart ayında İslandiyanın paytaxtında ənənəvi beynəlxalq “Reykyavik Open 2015” şahmat turniri keçiriləcək. Allsport.az xəbər verir ki, builki turnirin reytinq-favoriti Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovdur.

10 turdan ibarət olacaq beynəlxalq turnir İsveçrə sistemi üzrə keçiriləcək. Müxtəlif kateqoriyalarda iştirakçılar üçün xüsusi prizlər nəzərdə tutulub: gənclər arasında ən yaxşı şahmatçı, qadınlar arasında ən yaxşı şahmatçı, ELO reytinqinin müxtəlif kateqoriyalarında ən yaxşı şahmatçı və s.

Reykyavikdə birinci turnir 1964-cü ildə keçirilib. Həmin turnirdə şahmat üzrə səkkizinci dünya çempionu, əfsanəvi Mixail Tal qalib gəlmişdi. “Reykyavik Open” turniri 1980-ci illərdə iki ildə bir dəfə keçirilirdi, 2008-ci ildən sonra isə turnir hər il keçirilir.

“Reykyavik Open” turniri qibtə edilməyə layiq nüfuza malikdir. İslandiya paytaxtında müxtəlif illərdə keçirilmiş bu turnirdə Nonna Qaprindaşvili, David Bronşteyn, Vasili Smıslov, Bent Larsen, Fridrik Olafsson, Mark Taymanov, Lev Poluqayevski, Yan Timman, Viktor Korçnoy, Samuel Reşevski, Entoni Mayls, Naycel Şort, Hikaru Nakamura, Yudit Polqar, Maqnus Karlsen, Aleksandr Qrişşuk, Fabiano Karuana, Hou İfan kimi təqdimata ehtiyacı olmayan şahmatçılar iştirak ediblər.

Builki turnirdə 175 şahmatçı kişi və qadın iştirak edəcək. Birinci turun oyunları martın 10-da keçiriləcək, turnirin finişi isə martın 18-də olacaq.

Həmin kateqoriyadan