“Məmmədyarovun adını dünya çempionluğuna iddiaçılar siyahısına yazdırmaq şansı çoxdur”

Xəbər verdiyimiz kimi, Tiflisdə Dünya Şahmat Federasiyasının (FİDE) “Qran-pri” turnirinin növbəti mərhələsi keçirilir. Allsport.az xəbər verir ki, SOCAR-ın Gürcüstan nümayəndəliyinin baş sponsorluğu ilə keçirilən turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovdur.

Həsənov turnirlə bağlı AzərTAc-ın müxbirinə açıqlama verib: “İlk növbədə qeyd etməliyəm ki, FİDE-nin tarixində ilk “Qaran-pri” 2008-ci ildə Bakıda keçirilib. “Qran-pri” oyunları da məhz bundan sonra başlayıb. Bu gün izlədiyimiz “Qran-pri” 2 il ərzində 4 mərhələdə keçirilir və bu yarışda ümumiyyətlə 16 idmançı mübarizə aparır. Oyunun qaydalarına görə, hər turnirdə 12 şahmatçı gücünü sınayır və hər şahmatçı 4 turnirin 3-də oynayır. Ümumilikdə 3 turun nəticələrinə görə, 1-ci və ikinci yerləri tutan şahmatçılar dünya çempionatının iddiaçıları mərhələsinə vəsiqə qazanır”.

Həsənov bildirib ki, bu turnir çox gərgin olacaq. Ona görə ki, bu mərhələdə dünyanın ən yüksək reytinqli – 2810 dünya əmsalı olan Aleqsandr Qrişçuk və 2797 əmsalı olan Giri Aniş kimi idmançılar var. Azərbaycanın iki qrossmeystri Şəhriyar Məmmədyarov (2759) və Teymur Rəcəbov (2731) bu turnirdə mübarizə aparır. Hər iki şahmatçımız üçüncü-sonuncu turdadırlar. Ş.Məmmədyarov Bakıda keçirilən ilk turnirdə uğursuz çıxış etsə də Daşkənd mərhələsində ikinci olub. O, bu turnirdə də uğurla çıxış edir. Fevralın 17-də keçirilən ikinci oyununu da qələbə ilə başa vuran Şəhriyar Məmmədyarovun adını dünya çempionluğuna iddiaçılar siyahısına yazdırmaq şansı çoxdur.

“Biz ümid edirik ki, Ş.Məmmədyarov turnirdən qalib ayrılacaq”- deyə, F.Həsənov vurğulayıb.

Həmin kateqoriyadan